"Football-plus.az" xəbər verir ki, "ÇSKA-nın yetirməsi olan Ruslan Fişenko yığmanın formasını geyə bilər.
Hazırda Rusiyanın birinci divizionunun iddialılarından olan "Rodina"nın şərəfini qoruyan Ruslan özü də millimizdə oynamaqda maraqlıdı. Federasiya yarımmüdafiəçiyə müəyyən məbləğ də təklif edəcək. Yaxın vaxtlarda onun millinin formasını geyib-geyməyəcəyi dəqiqləşəcək.
Məsələnin doğru olub-olmadığını dəqiqləşdirmək üçün millinin meneceri İlqar Qurbanovla əlaqə saxladıq. Veteran futbolçu Ruslanın “milliləşdirilməsi” ilə bağlı bunları söylədi:
“Mən onu uşaq olandan yığmaya təklif etmişdim. Bəli, atası azərbaycanlıdı. Gəncədə yaşayır. Özü Moskvada böyüyüb. Danışıqlar olmuşdu. Amma həmin vaxt da legioner məsələsinə görə klubunda problem çıxmışdı. Bundan sonra hansısa söhbətimiz olmayıb. İndi “Rodina”da çıxış edir. Uzun müddətdi hansısa söhbətimiz olmayıb. Amma həmişə nəzarətdə saxlayırıq”.
İLKİN SULTANLI





