Azər Əliyevin yığmada olmamasının şok səbəbi: ev və pul verin!

23.03.2022 12:25 1 487
Aktual / Manşet / Günün xəbəri
Premyer-liqanın 20-ci turu başa çatandan sonra yığmanın baş məşqçisi Canni de Byazi Maltada keçiriləcək iki yoxlama görüşü üçün heyəti açıqladı.

Siyahıda yer alanların hamısı - qapıçı Nicat Mehbalıyev istisna olmaqla - “köhnə qvardiya”nın üzvləridi. Sadəcə, 5 futbolçu müəyyən müddətdən sonra yenidən ölkənin əsas komandasının formasını geymək şansı qazanacaq.
Çoxları bu qış “Neftçi”nin “rənglərinə bağladığı” Azər Əliyevin yığmaya dəvət alacağını gözləyirdi. Ancaq nədənsə bu baş vermədi. Niyə, hansı səbəbdən?
Azərin ölkənin əsas komandasına gəlişi artıq xeyli müddətdi müzakirə olunur. Hələ Rusiyada çıxış etdiyi dönəmdə AFFA onu milli pasportla təmin etmək üçün çaba göstərir, danışıqlar aparırdı. Qış tranfer dönəmində yarımmüdafiəçi “ağ-qaralar”la 3 illik müqavilə bağlayanda düşünmək olardı ki, artıq bu məsələ həllini tapıb. Ancaq göründüyü kimi, Əliyev millinin toplanışına qatılmadığı kimi, “Neftçi”də də legioner statusu ilə çıxış edir.

AFFA-nın fevralın 2-də keçirilən son Hesabat-Konfransından sonra təşkil olunan mətbuat konfransında Əliyevin “milliləşdirilməsi” ilə bağlı suala assosiasiyanın icraçı vitse-prezidenti Elxan Məmmədovun cavabı belə olmuşdu:

“Neftçi” şifahi şəkildə bizə müraciət edib. Amma futbolçu tərəfindən müraciət olmayıb. Futbolçu ərizə yazmalı, onu qəbul etməliyik və Rusiya Futbol İttifaqına göndərməliyik. Onlardan da məktub gəlməlidi ki, bu oyunçu Rusiya yığmasında oynamayıb. Daha sonra FIFA və UEFA-ya müraciət etməliyik. Yalnız bundan sonra oyunçu milliyə cəlb oluna bilər”.


Bu yerdə ortaya sual çıxır: Azər geridə qalan aylarda niyə AFFA-ya ərizə ilə müraciət etməyib? Bu məsələ ilə bağlı “Football-plus.az” saytına ilginc məlumat daxil olub. İş ondadı ki, yarımmüdafiəçi yığmada çıxış etmək üçün AFFA-nın qarşısına şərtlər qoyub. Bəli, şərt yox, şərtlər...Gürcüstanın Dmanisi bölgəsinin Bəzəkli kəndində İlqar kişinin ailəsində dünyaya göz açan, sonradan Rusiyaya köçən futbolçu yığmanın formasını geymək üçün assosiasiyadan Bakıda mənzil və böyük məbləğdə pul tələb edir. Azər şərtləri yerinə yetirilənə qədər millidə oynamayacağını AFFA funksionerlərinin diqqətinə çatdırıb.

RƏŞAD