2024-cü ilə təyin olunan Asiya Kubokunun təşkilatçısı müəyyənləşib. Qitə çempionatı Qətərdə keçiriləcək.
Turnir gələn il yanvarın 12-dən fevralın 10-na qədər bu ölkədə təşkil ediləcək.
Yarışda 24 komanda mübarizə aparacaq. Oyunlara 8 stadion səhnə olacaq. Asiya Futbol Konfederasiyasının (AFK) yaydığı məlumatda turnirin püşkatma mərasiminin bu il mayın 11-də Qətərin paytaxtı Dohadakı Opera Teatrında keçiriləcəyi də bildirilib. Qitə birinciliyinin təşkilatçı ölkədə iş günü sayılmayan cümə günündə start götürməsi zəruri sayılıb. Bu qərar azarkeşlərin 18-ci Asiya Kubokunun açılış matçını rahat izləməsi üçün verilib. AFK rəhbərliyi həmçinin turnirin 30 gün ərzində keçirilməsini vacib sayıb. Bu, 2019-cu ildə Birləşmiş Ərəb Əmirliklərində baş tutan əvvəlki qitə çempionatının keçirilmə müddəti ilə müqayisədə 2 gün çoxdu. AFK Asiya qitəsində futbolsevərlərin futbolla bağlı təəssüratının yaxşılaşdırılması, turnirin statusunun və kommersiya dəyərinin gücləndirilməsi üçün təqvimi “genişləndirməyi” lazım bilib.