Gərgin keçən "Turan Tovuz" - "Sumqayıt" qarşılaşmasında gözdən qaçmayan məqamlardan biri də əslən Tovuzdan olan qonaqların kapitanı Vurğun Hüseynovun zədələnərək 79-cu dəqiqədə əvəzlənməsi oldu. Təcrübəli futbolçuyla qalib gəldikləri oyun, zədəsi və qarşıdakı turlarla bağlı danışdıq.
- Qalib gəldiyiniz oyunla bağlı fikirlərin maraqlıdı...
- "Qarabağ"a böyükhesablı məğlubiyyətdən sonra, həmçinin təhlükəli mövqedə olduğumuza görə yaxşı oyun sərgiləməklə mütləq xal götürməliydik. Şükürlər olsun ki, döyüşərək çətin Tovuz səfərindən üzüağ çıxdıq. Bu qələbə bizə irəlidəki oyunlarda stimul verməlidi.
- Əvvəlki zədəni yenilədin?
- Xeyr. Matçın gedişində zədələndim. Bunun da səbəbi süni meydanda oynamağımızdı.
- Stadiondan oyunu izləyənlər arasında atan da var idi. Bu sənin üçün xüsusi motivasiyadı?
- Tək atam yox, əmim, qardaşım, qardaşım oğlu da matçı izləyənlər arasında idi (gülür). Tovuzlu azarkeşlər qarşısında oynamaq olduqca çətindi. Mənə dəstək üçün gələnlərin hər birinə minnətdaram.
- Tovuzlu azarkeşlər qarşısında oynamağın çətin olduğunu vurğuladın. Özün Tovuz futbol məktəbinin yetirməsisən. Azarkeşlərin sizi fitə basmasına nə deyərdin?
- 10 ilə yaxındı "Sumqayıt"dayam. “Gənclik şəhəri”ni ikinci doğma yurdum sayıram. "Sumqayıt"la yalnız maddi yox, həm də mənəvi bağlılığımız var. Ona görə də əlimdən gələni edirəm ki, komandama faydam olsun.
- Oyunun hakimliyindən razı qaldın?
- Əslində hakimlik haqda danışılacaq çox şey var. Amma uzatmaq istəmirəm. VAR varsa, referilər qərar verməyə tələsməməli və yeni sistemə müraciət edərək ədaləti qorumalıdı. Amma bugünkü oyunda hakimlikdən narazı deyiləm.
- Çempionatın 4-cü dövrəsi "ölüm-dirim" mərhələsidi. Komanda olaraq məsuliyyəti dərk edirsiz ki, elitanı tərk etsəz, heç də xoş olmayacaq?
- 4-cü dövrənin ilk oyununda qalib gəldik. Bu bizim üçün motivasiya olmalıdı. Qarşıda daha 8 tur var. Bu 8 oyunun hamısı bizim üçün finala bərabərdi. Təbii ki, məsuliyyətimizi dərk edirik. Sumqayıtın yeganə komandasıyıq. Elitanı tərk etsək, klub rəhbərliyinin, işçilərin və azarkeşlərin zəhmətini yerə vurmuş olarıq. Odu ki, 1-ci diviziona yuvarlanmamaq üçün bütün gücümüzü ortaya qoyacağıq.
- Yığmamız seçmə mərhələyə uğursuz başladı. Ölkənin əsas komandasının sabiq üzvü kimi bu haqda nə deyə bilərsən?
- Həqiqətən belə çıxış gözləmirdim. Demirəm, Avstriya və İsveç kimi güclü yığmaları məğlub etməliydik. Amma mübariz oyun sərgiləməklə ən azı 1 xal qazana biləcəyimizə ümidliydim. Millinin ilk iki oyunda darmadağın olması çox üzücüdü.
ABDULLA İSMAYILOĞLU