Ronaldo Avropaya qayıdacaq?

31.01.2023 14:39 266
Dünya futbolu
Kriştiano Ronaldo bu ilin əvvəlində üz tutduğu Səudiyyə Ərəbistanında diqqət mərkəzində olmağı bacarır.

Football-plus.az xəbər verir ki, noyabrda “Mançester Yunayted”lə müqaviləsi ləğv olunandan sonra “Əl-Nəssr” ilə müqavilə bağlayan ulduz futbolçu maraqlı fikrə düşüb.

“The Sun” qəzetinin yaydığı məlumata görə, 37 yaşlı hücumçu MY-dən bir neçə sabiq komanda yolaşını vida tətilinə dəvət edib. Dəvətlilər arasında Harri Maquayr, Bruno Fernandeş, Rafael Varan və Kazemiro var. Ronaldo bu ideyanı İngiltərə klubundan qalmaqallı şəkildə ayrılmasına görə həyata keçirmək qərarına gəlib.

Dekabrın 30-da “Əl-Nəssr”lə 2,5 illik müqavilə imzalayan Kriştiano ilə bağlı daha maraqlı xəbəri jurnalistlərə Rudi Qarsiya çatdırıb. Səudiyyə Ərəbistanı klubunun baş məşqçisi futbolçunun gələcək karyerası haqda cəlbedici açıqlama verib. 58 yaşlı mütəxəssis hücumçunun karyerasını başa vurmazdan əvvəl yenidən Avropada oynayacağını deyib:

“Ronaldo dünyanın ən yaxşı futbolçularından biridi və karyerasını “Əl-Nəssr”də başa vurmayacaq, yenidən Avropaya qayıdacaq”.


Xatırladaq ki, Ronaldo MY-dən əvvəl “Sportinq”, “Real” və “Yuventus”da çıxış edib.