Stajlı azarkeşlər Füzuli Allahverdiyevi yaxşı xatırlayır.
“Kəpəz” iddialı, çümpionluğa oynadığı illərdə komandanın əsas üzvlərindən biri olub. O futbolçu olduğu dönəmdə “sarı-göylər”ə sadiqliyi ilə seçilib. Füzuli bəy başqa klublardan daha yaxşı şərtlərlə təkliflər alsa da, doğma şəhərinin komandasını heç vaxt tərk etməyib, 20 il “Kəpəz”in uğurları üçün tər töküb. Karyerası ərzində Gəncə təmsilçisinin heytində üç dəfə çempion olub. İki gümüş, bir bürünc medal qazanan veteran futbolçu 4 dəfə də ölkə kubokunu başı üzərinə qaldırıb.
Yanvarın 1-də Füzuli bəy 60 yaşını qeyd edib. Doğum gününü harda və necə, kimlərin əhatəsində keçirib? Kimlər onu yada salıb, kimlər unudub? Bu və bizi maraqlandıran başqa suallara cavab tapmaq üçün yubilyarı aradıq. Onunla söhbətdə ötən günləri yada salmaqla yanaşı, bugünkü “Kəpəz” barədə də danışdıq.
- Əvvəlcə sizi yubileyiniz münasibəti ilə təbrik edirik.
- Diqqətinizə görə çox sağ olun.
- 60 yaşınızı harda, kimlərlə qeyd etdiz?
- Təmtəraqlı yubiley keçirmədim. Ailə üzvlərim, Mehman müəllim ilə bir yerdə olduq. Deyirlər ki, yubiley keçirməyin düşər-düşməzi var (gülür).
- Kimlər sizi təbrik etdi?
- “Kəpəz” rəhbərliyi təbrik etdi. Bir yerdə oynadığım futbolçular yada saldılar. Zəng edən də oldu, mesaj yazan da. AFFA-dan da zəng vurmuşdular. Qısası, təbriklər çox oldu.
- 60 illiyinizi təmtəraqlı keçirmədiyinizi dediz. Yəqin ki, səs-küylü, daim yada saldığınız ad günü tədbiriniz olub.
- Təbii ki. futbol oynadığım vaxtlarda belə doğum günləri çox olub. Yaş üzərinə yaş gəldikcə adam səs-küydən uzaq düşməyə çalışır, təmtəraqdan qaçır. Və ən əsası, yaşlaşdığına görə təəssüf hiss keçirir (gülür).
- Yaddaqalan doğum günü tədbirlərindən birini xatırlayın...
- 1987-ci il idi, Moskvaya yollanmışdım. Həmin vaxt “Neftçi” də ora gəldi. Komanda Moskvadan Türkiyəyə, İzmirə gedəcəkdi. “Neftçi”nin heyətində Mehmanla yanaşı, gəncəlilər çox idi. Rusiya paytaxtı, yanvarın 1-i... Sizcə, necə olar? Onda hamı istəyirdi ki, Yeni ili Moskvada qarşılasın. Çox yaddaqalan doğum günü məclisi olmuşdu.
- 20 il fasiləsiz “Kəpəz”in formasını geymisiz. Bilirik ki, həmin illərdə ölkənin bir nömrəli klubu olan “Neftçi” də sizi “rənglərinə bağlamaq” üçün çox səy göstərib. Ancaq “Kəpəz”dən ayrılmamısız. Sizi Gəncə klubuna bağlayan nə idi?
- Bu şəhərə, “Kəpəz”ə olan sevgi. “Neftçi” fərqli illərdə dörd dəfə mənə təklif göndərib. Ancaq heç birini dəyərləndirmədim. Mehman gedəndə fikirləşdim ki, heç olmasa, mən komandada qalım. Mənə Bakıdan ev verirdilər, maşın vəd olunmuşdu. Ancaq onların heç birini qəbul etmədim. Allaha şükür, “Kəpəz”də oynaya-oynaya istədiklərimə nail oldum.
- Üstündən illər keçəndən sonra qərarınıza görə peşman olmamısız?
- Heç bir peşmanlıqdan söhbət gedə bilməz. Müstəqillik illərində “Kəpəz” çox uğura imza atdı. Həmin möhtəşəm kollektivin bir parçasıydım. Gəncəli azarkeşlər bu gün də hörmətimi saxlayır. Bəlkə də indi olsaydı, başqa təklifləri gözdən keçirərdim. Ancaq o vaxt düşüncə fərqli idi. Gəncə, “Kəpəz”, komandanın azarkeşləri mənim üçün dünyada bir nömrə idi.
- Müasir Gəncə futbolunun “xaç atası” sayılan Mehman Allahverdiyevin bir qardaş kimi həyatınızda rolu?
- Mən Mehmana görə futbola gəlmişəm. 10 yaşımda qardaşımın məşqlərini izləmək üçün rəhmətlik Kostya dayının stadionuna gedirdim. Bir gün Mehmangil meydanda məşq edirdilər. Mən də kənarda dayanıb onlara baxırdım. Məşqi kənardan izləyən Kostya dayı gözlənilmədən mənə yaxınlaşıb soruşdu: “futbol oynaya bilirsən?” Açığı, həmin vaxt heç futbol barədə düşünmürdüm. Onun sualından özümü bir qədər itirdim. Həyəcanlandığımdan özümdən asılı olmayaraq “bəli” cavabını verdim. Elə bil bu sözə bənd imiş. O dəqiqə “çıx meydana” deyib, Mehmangilin yanına göndərdi. Həmin gündən məşqlərə qatılmağa başladım. O vaxtdan daim Mehmanla bir yerdə oynamışam. Arada onun “Neftçi”yə getdiyini nəzərə almasaq, həmişə bir yerdə olmuşuq. Və bu gün də bir yerdəyik. Böyük qardaş kimi daim hörmətini saxlamışam. O da böyük kimi davranıb, ən xırda məsələdə belə böyük qardaş kimi məsləhət verib, yanımda olub.
- Futbol oynadığınız 20 ildə “Kəpəz”də çox məşqçi görmüsüz. Ən çox bəyəndiyiniz kim olub, kimdən xoşunuz gəlməyib?
- Doğrudan da, korifey məşqçilərlə işləmişəm. Onlardan Əhməd Ələsgərovun, Ruslan Abdullayevin, Əli Əbilzadənin, Anatoli Banişevskinin, Zahid Hüseynovun adını çəkə bilərəm. İnsan kimi ən yaxşı xasiyyət Banişevskidə idi. İşə gəlincə, Sergey Kramarenkonu qeyd edərdim. O komandaya baş məşqçi təyin olunanda “Kəpəz” heç də yaxşı vəziyyətdə deyildi. Heç kim inanmırdı ki, bu komanda çempionatda nəsə edə bilər. Ancaq Kramarenkonun gərgin işi sayəsində mövsümü birinci yerdə başa vurduq. Kimi bəyənməmişəm? Eləsi olmayıb.
- Komandada kimlə daha yaxın idiz?
- Çoxları ilə münasibətim yaxşı olub. Heç kimlə soyuq olmamışam, kiməsə pisliyim dəyməyib. Bu gün də heç kim deyə bilməz ki, hansısa məsələyə görə Füzulidən incik düşmüşəm. Ancaq ən yaxın dostum bu gün “Kəpəz”in əvəzedicilərini çalışdıran Xaliq Mərdanov olub. Onunla həmişə eyni otaqda qalmışıq və sanki bir adam idik.
- 30 il əvvəlki “Kəpəz”lə indiki arasında hansı fərq var?
- 30 il əvvəlki “Kəpəz” üçün ikinci yer belə uğursuzluq sayılırdı. Gəncənin bir icra başçısı var idi. Deyirdi ki, ikinci yerlə sonuncu arasında fərq yoxdu. Bizim qarşımıza hər il çempionluq vəzifəsi qoyulurdu. Bir dəfə mövsümü ikinci pillədə başa vurduq. Bununla bağlı iclas keçirildi. Başqa klubda olsaydı, uğur kimi qəbul edib, futbolçulara “çox sağ ol” deyilərdi, mükafat verilərdi. Bizi isə tənbeh etdilər. Onu da qeyd edim ki, 30 il əvvəl heyətdəkilərin, demək olar, hamısı gəncəlilər idi. Bax, fərq bundadı. İndi komanda premyer-liqada qalmaq uğrunda mübarizə aparır. Başa düşürəm, zaman, şərtlər dəyişib. 5 il Gəncədə futbol olmadı, 4 il komanda divizionda çıxış etdi. Bu məqamlar da təsir göstərib. Ancaq “Kəpəz” həmişə zirvədə olmalıdı. Azarkeşlərimiz buna alışmışdı. Gəncəlilərin bizdən tələbi ancaq çempionluq idi. İndi komandanın aşağı yaş qruplarında istedadlı uşaqlar var. İnanıram ki, vaxt gələcək “Kəpəz”in əsasını yenə yerlilər təşkil edəcək. Bizim məktəb həmişə güclü olub.
- Uzun illər “Kəpəz”in əsas komandasında köməkçi məşqçi kimi çalışmısız. Ancaq Tərlan Əhmədov gələn kimi sizi korpusdan çıxardı. Səbəb nədi?
- Tam səmimi deyirəm: səbəbini bilmirəm. Hər baş məşqçinin yanında görmək istədiyi yardımçıları olur. Yəqin Tərlan müəllimin də bir yerdə işləmək istədiyi köməkçiləri var.
- Bəlkə əvvəllər sizlə və ya Mehman Allahverdiyevlə arasında narazılıq olub?
- Aramızda heç bir narazılıq, söz-söhbət olmayıb. Mənimlə bir yerdə millidə, gənc yaşlarında Mehman müəllimlə “Neftçi”də oynayıb. Bir sözlə, münasibətlərimiz həmişə yaxşı olub. Onu da bildirim ki, bu günə kimi Mehmana görə nə futbol oynamışam, nə də bu sahədə işləmişəm. Nə olubsa, özümə görə olub.
- Nə vaxtsa baş məşqçi olmaq istəmisiz?
- Açığı, fikrimdən də keçməyib. Köməkçi kimi daha çox fayda verə biləcəyimi düşünmüşəm. Baş məşqçi olmaq istəsəydim, çoxdan “sükan arxasına” keçərdim.
- Və sonda, 60 yaşını qeyd edən Füzuli bəy gələcəkdə özünə nə arzulayır?
- Cansağlığı. İnsan üçün bundan vacib nə var?! Dünyaya bir dəfə gəlirik. Kimi onu şərəflə başa vurur, kimi də, sadəcə, yaşayır. Arzum budu ki, bu günə kimi necə şərəflə və sağlam yaşamışamsa, bundan sonra da elə ömür sürüm.
RƏŞAD