Onu da bildirmişdik ki, bu dəfə klubun idman direktoru Mehman Allahverdiyevlə baş məşqçi Tərlan Əhmədov arasında narazılıq yaşanır.
Səbəb Tərlan Əhmədovun Füzuli Allahverdiyevi məşqçilər korpusunda görmək istəməməsidi. Xatırladaq ki, Tərlan bəy “sarı-göylər”in “sükanı arxasına” keçəndən sonra Yaşar Vahabzadənin dönəmində korpusda çalışan Vidadi Rzayevlə qapıçılar üzrə məşqçi Nadir Şükürovu geri qaytarıb, Füzuli bəyə isə bu şansı tanımayıb.
Dünən “Kəpəz”in mətbuat katibi Azad Mustafayev redaksiyamızla əlaqə saxlayaraq məsələ ilə bağlı açıqlama vermək istədiyini söylədi. Obyektivliyi təmin etmək üçün ona tribuna verməyi özümüzə borc bildik:
“Saytda gedən yazı ilə bağlı onu demək istəyirəm ki, komandanın baş məşqçisi Tərlan Əhmədovla idman direktoru Mehman Allahverdiyev arasında heç bir soyuqluq, hansısa mövzuda fikir ayrılığı yaşanmır. Bu gün də hər iki təcrübəli sima “Kəpəz”in uğurları üçün əl-ələ verib bir yerdə çalışırlar. Mehman müəllim hər gün komandanın məşqlərində iştirak edir. Baş məşqçi, klub rəhbərliyi, futbolçularla görüşür. Bu iki şəxs arasında səmimi münasibət var. Həm baş məşqçi, həm də idman direktoru komandanın uğurlu çıxışı üçün əlindən gələni əsirgəmir”.
RƏŞAD






