Azərbaycanda hər zaman tanınmış diktorlar olub.
Onlardan biri də Ramiz Qafarovdu. Ramiz bəy həm dövlət, həm də idman tədbirlərində iş başında olub. Hazırda isə olduqca acınacaqlı vəziyyətdə yaşayır. İş o yerə çatıb ki, "feysbuk" səhifəsində bank hesabını paylaşaraq dost-tanışlardan kömək umur. "Football-plus.az" saytı olaraq tanınmış diktorla əlaqə saxlayıb həyatında nələrin baş verdiyini öyrənmək qərarına gəldik.
- Ramiz bəy, son illərdə nə efirlərdə, nə də tədbirlərdə sizi görürük. Bu laqeydliyin səbəbi nədi?
- Mən 40 ilə yaxındı Azərbaycanın dövlət diktoruyam. Demək olar ki, bütün ölkə tədbirlərində, o cümlədən Azərbaycanda təşkil olunan beynəlxaq idman və mədəni tədbirlərdə diktorluq etmişəm. Demək olar, bütün tədbirlərə dəvət olunurdum. Amma son 10 ildə nədənsə, dəvətlər gəlmir. Səbəbini bimirəm. Hazırda bir çox tədbirlərə, o cümlədən də idman yarışlarına diktorluqdan anlayışı olmayan adamlar dəvət alır. Mən gənc, istedadlı, bacarıqlı diktorların önə çəkilməsinin əlehinə deyiləm. Amma baxırsan, məni əvəz edənlərin nə səsi, nə diksiyası, nə danışıq bacarığı, nə savadı, nə görünüşü, nə yerişi-duruşu, ümumiyyətlə, diktora xas xüsusiyyətlərin heç biri yoxdu. Bu məni çox təsirləndirir, küsdürür ki, niyə sağ ikən yada düşmürəm? Bilmirəm, mənim tədbirlərə dəvət almamağımla bağlı sərəncam, göstəriş hardan gəlib.
- Bəs hazırda necə dolanırsız?
- Ailəmizdə nə mən, nə həyat yoldaşım, nə də qızım çalışır. Sağ olsun "Qarabağ"ın rəhbərliyi, artıq 15 ildi Ağdam təmsilçisinin diktoruyam. Amma hətta orda çalışmağımı istəməyən şəxslər də var. "Qarabağ"dan çıxmağım üçün dəfələrlə rəhbərliyə zənglər də gəlib. Sağ olsun Tahir Gözəl, onlara deyib ki, nə qədər mən burdayam, Ramiz bəy "Qarabağ"ın diktoru olacaq. "Köhlən atlar"dan da hər oyuna görə qonorar alıram. Hazırda çempionatda fasilədi deyə, nə iş, nə də pul var. Bekar evdə otururam. Qızım 10 ildi İqtisad Universitetini bitirib, amma bu müddət ərzində nə övladım, nə də mən ona uyğun iş tapa bildik. Dəfələrlə "Qarabağ" rəhbərliyinə və Voleybol Federasiyasına müraciətlər etsəm də, nəticəsiz qalıb. Qiymətlərin də günü-gündən artdığı bir şəraitdə yaşamaq olduqca çətindi. Amma əsas zərbəni mənzil məsələsində aldım.
- Mənzillə bağlı nə baş verdi?
- Şəhərdə evim vardı. Sonralar Xırdalanda "AAAF Park"ın yeni tikililərlə bağlı elanını gördüm və daha böyük mənzil almaq qərarıran gəldim. Oranın rəhbərliyi məni inandıraraq qey etdi ki, 1 il ərzində hazır olacaq. Onlara inanaraq mənzili satıb ilkin ödəniş etdim və 800 manata kirayə ev tutdum. Amma adını qeyd etdiyim şirkət məni aldatdı. 1 ilə söz verdikləri mənzilin tikintisi 5 il çəkdi. Satdığım mənzilimdən qalan pulları da kirayəyə verdim. Xırdalandakı mənzili təmir etməyimə də pul qalmadı. Bütün bunlardan dolayı xəstəliklər tapdım. Amma xəstəliklərimi müalicə etməyə də pulum yoxdu.
- "Feysbuk" profilinizdə kart hesabınızı paylaşaraq dost-tanışlara müraciət etdiz. Pul göndərənlər oldu?
- Ömrüm boyunca heç kimdən borc almamışam, bundan sonra da almaq istəmirəm. Mənə "sənətkar, Azərbaycanın səsi" deyirlər. 40 ildən çoxdu xalqıma xidmət etmişəm. Düşündüm ki, xidmətlərimə görə az-çox hörmətim var. "El gücü, sel gücü" deyiminə inanaraq "feysbuk" üzərindən dost-tanışlarıma, izləyicilərimə mənə kömək etmələri üçün müraciət etdim. Bir həftə, 10 gün əvvəl status paylaşsam da, 5-10 nəfər az məbləğdə pul göndərdi. Başqa reaksiya gəlmədi. Yanılmışam. Bu müraciətimə görə hamıdan da üzr istəyirəm.
ABDULLA İSMAYILOĞLU