Son mundialın diqqəti çəkən isimlərindən olan “Beşiktaş”lı Romeyn Saiss ilə bağlı məlumat var.
Football-plus.az xəbər verir ki, Mərakeş yığmasının kapitanı 1/4 finalda Portuqaliya ilə oyunda aldığı zədəsini tam sağaltmamış öz istəyi ilə yarımfinalda Fransaya qarşı görüşdə meydana çıxmışdı.
Nəticədə zədəsini bir qədər də qəlizləşdirən və əzələsində ikinci dərəcəli yırtıq əmələ gələn təcrübəli mərkəz müdafiəçisi artıq 21-ci dəqiqədə göz yaşları içində əvəzlənməli olmuşdu. Onun bu addımı “Beşiktaş” cəbhəsində heç də xoş qarşılanmamış, baş məşqçi Şenol Günəş isə Saissi faktiki qeyri-peşəkarlıqda günahlandırmışdı.
Bundan başqa, təcrübəli mütəxəssis “Saiss lider xaraketrli futbolçu olsa da, bura gəldiyim gündən onu çox səssiz və sakit görürəm. Məsələn, Velinton ondan daha çox danışır” sözləriylə də mərakeşlini üstüörtülü şəkildə tənqid etmişdi. DÇ-də 3-cü yer uğrunda oyunu buraxan 32 yaşlı futbolçunun durumuna aydınlıq gəlib. Saissin sabah kubokda “Şanlıurfaspor” və həftəsonu superliqada “Qaziantep”ə qarşı oyunları buraxacağı dəqiqdi. O ən yaxşı halda dekabrın 29-da “Adana Dəmirspor”a qarşı oyunda meydana çıxa biləcək.