Cenk Tosun hərəkətinə aydınlıq gətirdi

26.08.2022 16:31 470
Dünya futbolu
Cenk Tosun son turda yaşanan olaya aydınlıq gətirib.

Xatırladaq ki, “Beşiktaş”ın “Fatih Karagümrük”ü 4:1 hesabıyla darmadağın etdiyi qarşılaşmada baş məşqçi Valerien İsmael təcrübəli forvardı final fitinə 30 saniyə qalmış meydana buraxmışdı. Cenk də final fiti səslənən kimi qələbəni fanatlarla qeyd etməyib əsəbi şəkildə paltardəyışmə otağına yollanmışdı. 31 yaşlı forvard “Hürriyət” nəşrinə açıqlama verərək hərəkətinin yanlış anlaşılığını deyib: “Yayda İsmaelin başçılığı altında çox yaxşı hazırlıq dönəmi keçirdik. Mən də mövsümə iddialı hazırlaşdım. Mənim üçün meydanda 30 saniyə və ya 90 dəqiqə qalmaqdan daha önəmli olan şey “Beşiktaş”ın uğurudu. Bu formanı geymək böyük şərəfdi. Karyeramboyu heç bir məşqçi və ya komanda yoldaşıma qarşı hörmətsizliyim olmayıb. Bundan sonra da olmayacaq. “Fatih Karagümrük”lə oyundakı etirazım son 30 saniyədə meydana çıxmağıma görə deyildi. Sadəcə, daha öncə meydana çıxıb komandaya yardım etmək üçün alışıb-yanırdım. Bu hirsimin qurbanı oldum və hərəkətim yanlış anlaşıldı. Mən, sadəcə, şanssızlığıma əsəbləşdim. Bu hərəkət nə baş məşqçiyə qarşı idi, nə də başqa birinə. Bu hirsin sonda “Beşiktaş”a çempionluq qazandıracağına inanıram. Çünki komandada bütün oyunçular bu dərəcədə oynamağa can atır. Oyundan sonra İsmael ilə görüşüb söhbət etdim. O da məni anladı. Yönəticilərlə də görüşdüm və artıq ortada heç bir problem yoxdu. Gənc, təcrübəli və güclü oyunçulardan ibarət olan bir heyətimiz var. Meydandakı hərəkətləri başqa yerə yozmaq lazım deyil. Hamımızın yeganə mənfəəti komandanın uğurudu. “Beşiktaş”ın zəfəri hər şeydən üstündü”.

“Beşiktaş”dan növbəti transfer

“Beşiktaş” növbəti transferini açıqlayıb. İstanbul nəhəngi “Sivasspor”un gənc mərkəz yarımmüdafiəçisi Kərəm Kəsgini heyətinə qatıb. Keçidin detalları rəsmi şəkildə açıqlanmasa da, Türkiyə mətbuatının yazdığına inansaq, 21 yaşlı futbolçu “Qartal”a 1,4 milyon avroya başa gəlib. Kərəmlə dördillik müqavilə imzalanıb. Onun illik məvacibi isə 5 milyon lirə təşkil edəcək. 2000 təvəllüdlü futbolçu “Bucaspor”un yetirməsidi və ilk rəsmi müqaviləsini də bu klubla imzalayıb. O, 2018-in yayında 170 min avroya “Göztəpə”yə, 2020-də isə pulsuz “Sivasspor”a keçmişdi. Sivas təmsilçisində ümumilikdə 36 rəsmi oyuna çıxan Kəsgin 3 qol, 3 məhsuldar ötürmə ilə fərqlənmişdi. Kərəm Kəsgin “Beşiktaş”ın bu yay Jedson Fernandeş, Cekson Muleka, Əmrəcan Uzunhan, Romeyn Saiss, Cenk Tosun, Vut Veqhorst və Artur Masuakudan sonra heyətinə qatdığı 8-ci futbolçudu. Son xəbərlərə inansaq, artıq Dele Allinin də transferi bitmək üzrədi.