
Cenk 3-cü dəfə ''Beşiktaş''a gəldi
Bu yay Jedson Fernandeş və Romeyn Saissi transfer edən ''Beşiktaş'' 3-cü keçidi də rəsmən açıqlayıb.
Söhbət Cenk Tosundan gedir. ''Everton''dan ayrılaraq sərbəst statusda olan təcrübəli forvard ''ağ-qaralar''la ''1+1'' illik müqavilə imzalayıb. Klubun paylaşdığı videoda ''biz ayrıla bilmərik, yuvana xoş gəldin, Tosun Paşa'' sözləri qeyd olunub. Cenkin illik məvacibinin təxminən 1,2-1,5 milyon avro olacağı gözlənilir. Bununla da 31 yaşlı forvard 3-cü dəfə ''Qartal''a gəlib. Tosun daha öncə 2014-2018-ci illərdə və 2020/21 mövsümünün ikinci dövrəsində bu komandanın şərəfini qorumuşdu. O, ''Beşiktaş''ın qazandığı son 3 çempionluqda pay sahibi olub!
Ümumilikdə Cenk ''Beşiktaş''ın heyətində meydana çıxdığı 145 rəsmi oyunda 67 qol, 14 məhsuldar ötürmə ilə fərqlənib. Son illərdə bu futbolçunun tez-tez zədələndiyini və uzun müddətdi yığmadan kənar qaldığını da xatırladaq.