“Tennis Akademiyası tərəfindən bizə müəyyən maneələr törədildi, sonra “ASK Arena” ilə razılığa gəldik”
Türkiyə superliqasının 6-cı həftəsində əzəli rəqiblər - “Qalatasaray”la “Fənərbaxça” üz-üzə gəldi. Ölkəmizdə də yetərincə böyük maraqla gözlənilən qarşılaşma qolsuz heç-heçə ilə sona çatdı. Ancaq matçın nəticəsindən daha çox Azərbaycandakı “Qalatasaray”lı azarkeşlərin tribuna şousu gündəm mövzüsu oldu. Belə ki, “Cim-Bom”un ölkəmizdəki azarkeş qrupu olan “UltrAslan Azərbaycan”nın təşkilatçılığı ilə sarı-qırmızı rənglərə könül verənlər bir yerə toplaşdı. Onlar hazırda təmirə qapadılan “Keşlə”nin ev görüşlərini keçirdiyi “ASK Arena”nın meydanına böyük bir monitor yerləşdirərək sevimli komandalarının oyununa stadiondan canlı baxırmış kimi görüntü yaratdılar. Bununla Azərbaycanda bir ilkə imza atan “UltrAslan Azərbaycan”ın bundan sonra da belə addımla diqqəti çəkib-çəkməyəcəyi indidən böyük marağa səbəb olub.
Bu və digər məsələlərlə bağlı “UltrAslan Azərbaycan” azarkeş qrupunun əlaqələndiricisi, bu işin təşkliatçılarından olan Mürşüd Məmmədzadə ilə söhbət etdik: “UltrAslan Azərbaycan” olaraq illərdi fəaliyyət göstəririk. Müntəzəm olaraq bütün oyunlarda bir araya gəlirik, müxtəlif tədbirlərimiz olur, çempionluqları qeyd edirik və s. Özümüzün “Neftçilər”də məkanımız da var. Bizimlə oyuna baxmaq istəyən hər kəs ora gəlib buna şahid ola bilər. O ki qaldı stadiondan oyunu izləmək fikrinə, bu bizim iki il öncə etmək istədiyimiz bir ideya olub. Xatırlayırsızsa, iki il öncə “Qalatasaray” çempionatın son oyununda səfərdə “Göztəpə” ilə qarşılaşmışdı. Biz həmin matçı stadionların birində izləmək istəyirdik. Lakin mövsümün sonu olduğuna görə bu fikri həyata keçirə bilmədik. Bu mövsüm isə superliqanın püşkatmasından sonra “Fənərbaxça” ilə oyunun tarixi bəlli oldu. Və biz yenidən bu ideyanı həyata keçirmək istədik. Açığı, bunu aktiv futbol oynanılan stadionların birində yox, daha kiçik yerlərdə həyata keçirmək istəyirdik. Əvvəlcə Tennis Akademiyasını düşündük. Onlarla apardığımız danışıqlar əsasında hazırlığa başladıq. Televizorun qurlşadırılması, “Bein Sport” kanalının birgünlük yayınını bərpa etmək və s. Və oyuna bir ay qalmış elan verdik. Ancaq bilet satışını əvvəlcədən özümüz də düşünməmişdik. Çünki məsələnin bu qədər kütləvi hal alması bizim üçün də gözlənilməz oldu. Adətən, kafe, böyük otellərin zallarını bağlatdırırdıq. Düşündük ki, 700-800 arası azarkeş gələr. Onlar da həmin məkanda ödəniş edib izləyə bilərlər. Daha sonra hədsiz tələb oldu. Bizə çoxlu sayda mesajlar gəldi. Yalnız bundan sonra bilet satışı ilə bağlı planlar qurduq. Artıq hər şeyi həll edirdik ki, öncədən razılığa gəldiyimiz Tennis Akademiyası tərəfindən bizə müəyyən maneələr törədildi. Bildirildi ki, içəridə siqaret çəkmək, yemək yemək və pirotexniki vasitələrdən istifadə etmək olmaz. Təbii ki, bütün bunlardan sonra onlarla razılığa gələ bilməzdik. Vəziyyət belə olduqdan sonra başqa variantlara baxdıq və “ASK Arena” ilə razılığa gəldik. Qəzetiniz vasitəsiylə onlara təşəkkür edirik. Bizi anlayışla qarşıladılar”.
Həmsöhbətimiz məsələnin maliyyə detallarına da toxundu: “Təbii ki, bu işi həyata keçirmək üçün müəyyən maliyyə vəsaiti lazımdı. İstər yayının təşkili, stadionun icarəyə götürülməsi və s. Əslində ilk baxışda eni 6, uzunluğu 8 metr olan 48 kvadrat metrlik böyük televizor qurlaşdırmaq istəyirdik. Və bunu tanış işçilərlə araya-ərsəyə gətirmək istəyirdik. Lakin oyun günü hava şəraiti buna mane oldu. Güclü külək meydana yerləşdirilən ekranı aşırdı. Nə qədər çalışsaq da, bərpa edə bilmədik. Daha sonra arxası ağ rəngdə olan böyük bir avtomobil icarəyə götürdük və projektoru ona yansıdaraq izləyə bildik. Ancaq yenə də pis alınmadı. Gələnlər də bizi başa düşdü. Bundan sonra da belə tədbirlər keçirməyi düşünürük. O ki qaldı çəkilən xərcə, ümumilikdə bu iş üçün 7 min manatımız çıxdı. Ancaq çox şükür ki, bilet satışı bu xərci qarşıladı. Elə biz də belə təxmin edirdik. Onu qeyd edim ki, “UltrAslan Azərbaycan” olaraq öz fondumuz var. Hər ay üzvlərimiz tərəfindən fonda pul qoyulur. Və həmin pulla müəyyən işlər görülür. Pankartların yazılması, pirotexniki vasitələrin alınması və s. Elə bu tədbirdə də fonddan yararlandıq. Təbii ki, müəyyən qədər öz cibimizdən də xərcimiz çıxdı. Ancaq ümumilikdə pis alınmadı. Bizə kömək olan hər kəsə təşəkkür edirik. Bu işdə əməyi keçən “UltrAslan Azərbaycan” qrupunun əlaqələndiricisi Sənan Rəsulzadəyə, o cümlədən Gəncə və Siyəzəndən olan azarkeş qrupu üzvlərimizə, ölkənin bir çox yerindən gələn azarkeşlərimizə, “ASK Arena” rəhbərliyinə və polislərimizə təşəkkür edirik”.
Məmmədzadə azərbaycanlı azarkeşlərin yerli çempionata maraq göstərməməsinin fonunda Türkiyə klublarını dəstəkləməsinə də aydınlıq gətirdi: “Yerli çempionatda məsələ fərqlidi. Bilmirəm, bu mövzuda bizi niyə tənqid edirlər? Biz “Qalatasaray”lıyıq. “Qalatasaray” türk dünyasının ən böyük klubudu. Bizim başqa bir klubun oyununa getməyimiz çox da anlamlı deyil. Təbii ki, getdiyimiz oyunlar olub. Ancaq qrup olaraq yox. Fərdi şəkildə kim istəyirsə, gedib hansısa komandaya dəstək ola bilər. Bizim də içimizdə “Qəbələ”nin, “Qarabağ”ın, “Neftçi”nin azarkeşləri var. Mən özüm “Qarabağ” azarkeşiyəm. Ancaq bunun məsələyə aidiyyatı yoxdu. “UltrAslan Azərbaycan” olaraq qrup şəkildə heç bir komandanın oyununa getmirik. Mən bu qrupu 2011-ci ildə formalaşdırmışam. 2012-dən isə bu qrup Türkiyədə rəsmi şəkildə tanınır. Hazırda ölkəmizdə “Neftçi”nin və “Qarabağ”ın azarkeş qrupları var. Bu çox normal bir şeydi. Biz əvvəllər millinin oyunlarına gedirdik. Sadəcə, stadionlarda azarkeşlərə yaradılan şərait, azarkeş qruplarının sıxılması, bilet alarkən üzləşdiyimiz problemlər buna mane oldu. Məsələn, mən biletləri toplu şəkildə almaq istəyirəm. Ancaq bilet alarkən bizə əngəl törədilir. Deyilir ki, fanklub kimi qeydiyyata düşün, sizə AFFA-dan bilet ayrılsın. Halbuki biz sərbəst şəkildə eyni sektora bilet almaq istəyirik. Bax, bu və başqa məsələlər millinin də oyunlarına getməyimizə mane oldu. Bu, yığmanı boykot etdiyimiz anlamına gəlməsin. Biz əvvəllər “Neftçi”nin azarkeş qrupu və “Milli dəstə” ilə bir yerdə yığmanı dəstəkləmişik. Ola bilər ki, gələcəkdə yenidən dəstəkləmək üçün stadionlara gəldik. Bizim Azərbaycan tribunasında öz yerimiz olub, həmişə sözümüzü demişik. Hər şeydən öncə “Qalatasaray”lıyıq, bu, bizim üçün hər şeydən üstündü. Biz “Qalatasaray”ı dəstəkləyirik və yalnız onun üçün nəsə etməyə çalışırıq. Buna da davam edəcəyik. Buna görə tənqid etmək mənasızdı. Azarkeş öz klubunun yanında olmalıdı. Yerli klublarımıza da, azarkeş qruplarına da böyük rəğbətimiz var. Elə “Neftçi”nin və “Qarabağ”ın azarkeş qrupları heç də pis deyillər. Ölkədə azarkeş problemi yoxdu, azarkeş topluluğu yaradıb, onları arxasınca aparacaq klub çatışmazlığı var. Ya çempionatda bölgə komandaları olmalıdı ki, azarkeşlər öz şəhərlərinə sahib çıxsınlar, ya da həqiqətən müəyyən dəyərlərə sahib olan klublar olmalıdı. Bu da ola bilsin, zamanla olacaq. Hazırda ölkədə iki böyük klub var: “Qarabağ” və “Neftçi”. “Sumqayıt”ın şəhər komandası olması bir növ onların azarkeşkərinin olmasına səbəbdi. O cümlədən “Qəbələ”ni də nümunə göstərə bilərik. Qalanı isə Bakı klublarıdı. Bu klublara azarkeş cəlb olunması üşün illər və səbəblər lazımdı. İnşallah, çempionatımızda bölgə komandaları çox olar və azarkeş sayı da artar”.
HƏSƏN QULUZADƏ