Sizin reklam burada

Riad Rəfiyev: “Bizim günahımız nədi ki, Nazim Süleymanov məndən, klubdan narazılıq edir?”

Baxış Sayı:2 304


“Sumqayıt”ın büdcəsinin 25 faizi uşaq futboluna gedir
Ötən mövsüm tarixində ilk dəfə avrokuboklara qatılmağa yaxın olan “Sumqayıt” ölkə kubokunun finalında “Qəbələ”yə uduzmaqla gözəl şansı əldən verdi. Cari mövsümdə isə “kimyaçılar” geridə qalan 6 turda 2 qələbə qazanmaqla hazırda turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb ki, bu da “avrokubok zonası”ndan kənarda qalmaq deməkdi. Bəs görəsən, “gənclik şəhəri”nin təmsilçisinin prezidenti Riad Rəfiyev komandanın çıxışını necə dəyərləndirir, nədən razı, nədən narazıdı? Bu və başqa suallara cavab tapmaq üçün dünən klub prezidenti ilə görüşdük.
“Klubun ümumi büdcəsinin 25 faizini uşaq futboluna yönəltmişik”
- Cari mövsümdə komandanızın çıxışını necə dəyərləndirirsiz?
- İlk dövrənin başa çatmasına cəmi bir tur qalıb. Bu həftə doğma meydanda “Keşlə”ni qonaq edəcəyik. Həmin qarşılaşmadan sonra dövrəyə yekun vurub, komandanın çıxışını qiymətləndirmək olar. “Keşlə” ilə matç bizim üçün çox vacibdi. Qalib gələcəyimiz halda hesabımızda 9 xal olacaq ki, bu göstəricini də qənəatbəxş nəticə kimi qəbul edərəm. Məğlub olacağımız halda isə liderlərdən çox uzaq düşəcəyik. Nə mən, nə də azarkeşlər istəməz ki, komanda son pillələrdə qərarlaşsın.
- Səhv etmirəmsə, “Zirə” ilə oyundan sonra baş məşqçiniz Ayxan Abbasov mətbuat konfransında “mən heç kimə komandanı Avroliqaya daşıyacağıma söz verməmişəm” söyləmişdi. Belə olan halda cari mövsümdə “Sumqayıt”ın qarşısına hansı məqsəd qoyulub?
- Ayxan müəllim düz deyib. 2019/20 “futbol ili”ndə “Sumqayıt”ın qarşısına konkret olaraq avrokuboklara vəsiqə qazanmaq məqsədi qoyulmayıb. Əsas hədəf mövsümü bacardıqca yüksək pillələrdə başa vurmaqdı. Ancaq hadisələrin xoş axarı nəticəsində hər şey ola bilər. Ötən mövsüm də çoxları kubokun finalına yüksələcəyimizi, avrokuboklara vəsiqəyə bu qədər yaxın olacağımızı gözləmirdi. Lakin komanda bunu bacardı. Odu ki, bu il də hər şey ola bilər. Komandanın nəticə qazanması ilə yanaşı, biz həm də gənclərimizi düşünürük. Onları üzə çıxarmaq, ölkə futboluna bəxş etmək niyyətindəyik. Yeri gəlmişkən, onu da qeyd edim ki, bu yöndə “Sumqayıt” premyer-liqa klubları arasında ön pillədədi. Elita təmsilçiləri arasında komandamız orta yaş həddinə görə ən cavanıdı. Geridə qalan 6 turda limitə düşən minimum iki oyunçu daim meydanda olub. Bunu bizdən heç kim tələb etmir. Sadəcə, klubun yürütdüyü siyasət belədi. Onlar isər oyun sayında, istər meydanda keçirdikləri dəqiqələrə görə hamını qabaqlayırlar. Biz əsas məqsəd kimi avrokuboklara vəsiqəni hədəf seçsəydik, gənclərə bu qədər şans yarada bilməyəcəkdik. Özünüz də görürsüz ki, əksər klublar daha çox təcrübəlilərə bel bağlayır, məcburiyyətdən gənc futbolçulara özünü göstərmək, meydana çıxmaq şansı verir.
- Mövsümlərarası fasilədə heyətinizə qatdığınız yeni oyunçuların çıxışından razısız?
- Mehdi Şərifinin nəyə qadir olduğunu hamımız görmüşük. Təsadüfi deyil ki, cənubi azərbaycanlı futbolçumuz vurduğu 3 qolla hazırda bombardirlərin arasında yer alıb. Rəhim Sadıxovla Camaləddin Xocaniyazovun çıxışına isə məncə, indi qiymət vermək tezdi. Onlar “Sumqayıt”a qoşulanda artıq çempionatın 3 turu geridə qalmışdı. Bu iki oyunçu komanda ilə hazırlıq da keçməyib, kollektivə hələ tam uyğunlaşmayıb. Fikrimcə, onların oyununa, komandaya nə dərəcədə faydalı olduğuna qışda qiymət vermək mümkündü. Qış fasiləsinə kimi bizi 8 oyun gözləyir. Həmin matçlarda özlərini daha yaxşı tərəfdən göstərə bilərlər.
- Bu ilin aprelində “Sumqayıt” Futbol Akademiyasının rəhbəri postuna Almaniyada yaşayan Türkiyə doğumlu Hakan Sünalı dəvət etdiz. Onun gəlişindən sonra akademiyada nə dəyişib, Hakan bəyin işindən razısız?
- Əminliklə deyə bilərəm ki, Hakan bəyin gəlişi ilə akademiyamız irəli inamlı addım atıb. Akademiyaya müraciət edənlərin sayından da bunu görmək olar. Bu gün bizim akademiyaya Sumqayıtla yanaşı, ətraf rayonlardan da futbolçular gəlmək istəyir. Hər gün neçə-neçə valideyn məhz bununla bağlı klubun ofisinə gəlir. Müxtəlif yaş qrupu üzrə komandalarımızın sayında da xeyli artım olub. Elə yaş qrupu var ki, orda iki komanda fəaliyyət göstərir. Ustalıq səviyyəsi daha yüksək olanlar A komandada çıxış edirlər. Bir qədər zəiflər B-də məşq edirlər. B-də özünü yaxşı tərəfdən göstərənləri A-ya dəvət edirik. Bir neçə il əvvəl akademiyanın bütün komandalarının ixtiyarında yalnız bir meydan var idi. Bu gün isə onların sayı artıb. Ancaq açıq deyirəm ki, yeni istifadəyə verilən meydanlar da artıq akademiyanın komandalarına kifayət etmir. Bu üzdən qərara gəlmişik ki, şəhərin başqa yerində akademiyanın filialını açaq. Orda da aşağı yaş qruplarına istənilən şərait yaradılacaq, yeni meydanlar istifadəyə veriləcək. Bu yöndə artıq işlərə start verilib. Biz yeni oyunçular cəlb etməklə yanaşı, başqa klubların aşağı yaş qruplarının şərəfini qoruyan sumqayıtlı gənc və yeniyetmələri də kluba qaytarmağa çalışırıq. Bu yay 35 uşaq yenidən yetişdiyi futbol məktəbinə dönüb ki, bu da heç də pis göstərici deyil. Bu istiqamətdə də fəaliyyətimizi davam etdiririk. Ötən ilin müvafiq dövründə akademiyada 11 məşqçi çalışırdısa, cari mövsümdən onların sayı 28-ə çatıb. Həkim personalında, texniki-inzibati heyətdə də artım var. Bu rəqəmlər akademiyamızda görülən işlərin göstəricisidi. Ən əsası isə odu ki, klubun ümumi büdcəsinin 25 faizini uşaq futboluna yönəltmişik. Premyer-liqada ikinci belə bir klub yoxdu. 25 faiz heç də az vəsait deyil.
- Son günlər mediada ən çox müzakirə olunan məsələlərdən biri də Aleksey İsayevin “Sumqayıt”dan ayrı düşməsidi. Məndə olan məlumata görə, artıq onunla bağlı AFFA-ya şikayət ünvanlamısız. Futbolçu isə qəzetimizə açıqlamasında bəzi məsələlərə görə kluba qayıtmadığını və yaşananlara görə özünü günahkar bilmədiyini deyib. Sizcə, Aleksey niyə belə edir?
- İsayev yaxşı olardı ki, “bəzi məsələlər” dedikdə nəyi nəzərdə tutduğunu açıqlayaydı. Ona klubda münasibət çox yaxşı olub. O da bunun qarşılığında baxımlı oyunu ilə komandaya xeyir verib. Ancaq nədənsə sonradan belə addım atdı. Sonuncu dəfə onunla əlaqə saxlayanda təlim-məşq toplanışının vaxtını bildirib, hansı tarixdə kollektivə qoşulmalı olduğunu dedik. Ancaq futbolçu nə deyilən vaxtda, nə də sonra gəldi. Dəfələrlə telefonla danışmaq istədik, “vatsap”ına yazdıq, lakin cavab vermədi. E-mail ünvanına da məktub göndərib ondan şikayət edəcəyimizlə bağlı xəbərdalıq etdik. Ancaq yenə bizimlə əlaqə saxlamadı. Belədə məcbur olub aidiyyatı instansiyalara şikayət etdik. Alekseyin niyə belə etdiyi mənə də qaranlıq qalıb. Yəqin ki, etdiklərinə görə ciddi tədbir görüləndə bizi axtaracaq.
“Bir neçə gündən sonra yeni tribunanın tikintisinə başlanılacaq”
- Müsahibələrinizdə dəfələrlə “Kapital Bank Arena”da yeni tribunanın inşa olunacağını bildirsəz də, hələ ki heç bir yenilik yoxdu...
- Tələsməyin, tezliklə ikinci tribunamız da olacaq. Klubun təsisçisi olan qurum tribunanın tikintisi ilə bağlı tender elan etmişdi. Artıq tenderin müddəti başa çatıb və qalib şirkətin də adı məlumdu. Layihə tam hazırdı və bir neçə gündən sonra yeni, 1500 azarkeş tutumuna malik tribunanın tikintisinə başlanılacaq.
- Oktyabr və noyabrda “Kapital Bank Arena” həm də iki beynəlxalq oyuna evsahibliyi etməlidi.
- Bəli. U-21-in bu ay İsveçrə, noyabrda isə Lixtenşteynlə qarşılaşmaları bizim stadionda keçiriləcək. Sözügedən oyunların “Kapital Bank Arena”ya salınması bizim klub üçün də yaxşıdı. Gələcəkdə komanda avrokuboklara vəsiqə qazanacağı halda birinci təsnifat mərhələsinin oyunlarını doğma publika qarşısında keçirmək baxımdan heç bir problemlə üzləşməyəcəyik.
“Oturub yaxşı-yaxşı fikirləşsin ki, niyə heç bir klubda çox qala bilməyib”
- Artıq bir ildən artıqdı ki, Nazim Süleymanov “Sumqayıt”ın baş məşqçisi postundan ayrılsa da, hər müsahibəsində klubun və o cümlədən sizin “bostanınıza daş atmağı” unutmur. Nazim bəylə aranızda nə baş verib ki, o hələ də “Sumqayıt”dan və sizdən incikdi?
- Nazim Süleymanov Azərbaycan futbolunun canlı əfsanələrindən biridi. Mənim ona böyük hörmətim var. Bu gün meydana çıxan futbolçuların da 99 faizi onun karyerasına həsədlə baxır. Biz bir sumqayıtlı kimi onu 2018-in yayında komandanın baş məşqçisi postuna dəvət etdik. Həmin ərəfədə Süleymanov səhv etmirəmsə, iki ilə yaxın idi işsiz qalmışdı. Nazim müəllimin rəhbərliyi altında komandanın həm yaxşı, həm də pis oyunları oldu. Məşqçinin işi elədi ki, uğursuzluq yaşanırsa, ilk növbədə məsuliyyət onun boynunda olur, nəticələrə görə cavabdeh şəxs odu. Ötən il elə alındı ki, onunla yolları ayırmaq məcburiyyətində qaldıq. Onunla vidalaşanda çox normal, səmimi sağollaşdıq, aramızda heç bir narazılıq olmadı. Ancaq nədənsə bir müddətdən sonra sabiq baş məşqçimiz ictimaiyyət arasında klub, futbolçular, rəhbərlik barədə heç də xoş olmayan fikirlər səsləndirməyə başladı. Bir neçə müsahibəsində bəzi oyunçuların ünvanına mənfi fikirlər demişdi. Həmin vaxt futbolçularımız çox əsəbləşmişdilər, Süleymanova mətbuat vasitəsilə cavab vermək istəyirdilər. Lakin mən buna imkan vermədim və Nazim müəllimin Azərbaycan futbolunun tanınmış simalarından biri olduğunu bir daha xatırladıb, onları sakitləşdirdim. Ancaq o yenə öz işindədi. Bizim günahımız nədi, hansı yanlış addımı atmışıq ki, Süleymanov məndən, klubdan narazılıq edir? İşsiz olanda iş verdiyimizə və ya ona göstədiyimiz xoş müsaibətə görə bizi asıb-kəsir? Hələ də mənə çatmır ki, Süleymanov nə demək istəyir? O nəyin davasını edir?
- Süleymanov klubdan gedəndən sonra heç qarşılaşmamsız?
- Niyə ki, üz-üzə gəlmişik, salamlaşmışıq. Ayaqüstü söhbət etmişik.
- Bəs onda soruşmadız ki, niyə “Sumqayıt” və sizinlə bağlı xoşagəlməz fikilər səsləndirir?
- Yenə deyirəm, ona böyük hörmətim var. Gözlədim ki. özü söhbət açsın, mətbuata dediklərini mənə də əsaslandırsın. Ancaq heç elə bil mediada bizi tənqid edən bu şəxs deyil. Normal danışdıq və ayrıldıq. Ümumiyyətlə, bizim bəzi futbol veteranlarımızın atdıqları addımlar, mətbuata verdikləri açıqlamalar mənə qəribə gəlir. Götürək elə Nazim müəllimi. Neçə vaxtdı AFFA-nın ünvanına çıxışlar edir. Niyə? Bu həmin AFFA rəhbərliyidi ki, Berti Foqtsun dönəmində onu əsas komandaya baş məşqçinin köməkçisi təyin etdi. Ondan sonra U-19-da çalışdı. Belə çıxır ki, AFFA ona iş verəndə yaxşı qurum idi, indi iş təklif olunmur deyə pis olub. Süleymanov narazılıq edir ki, çalışdırdığı klublarda ona yetərincə vaxt verilməyib. “Sumqayıt”da belə oldu, “Neftçi”də elə oldu. Bəlkə Süleymanov günahı özündə axtarsın. Oturub yaxşı-yaxşı fikirləşsin ki, niyə heç bir klubda çox qala bilməyib. Bəlkə onda səhvin hardan qaynaqlandığını başa düşər.
RƏŞAD

Oxşar xəbərlər
SON XƏBƏRLƏR