Koronavirus pandemiyasına görə ölkədə tətbiq olunan karantin rejimi əhalinin çətinliklə dolanan təbəqəsinə hər mənada təsir göstərməkdədi. Gözünü gündəlik 5-10 manata dikənlərin evdə bayıra çıxa bilməməsi onları çətin vəziyyətə salıb. Bu durumda insanların yumruq kimi birləşərək imkansız ailələrə, xəstə və əlillərə dəstək olması xoş hal kimi qiymətləndirilməlidi.
Artıq neçə vaxtdı insanların yardım kampaniyasında iştirak etdiyini görməkdəyik. Bu hal ölkə futbolundan da yan keçməyib. Bu dəfə azarkeşlər sinəsini irəli verib. “UltrAslan Azərbaycan” azad azarkeş qrupu imkan daxilində aztəminatlı ailələrə yardım kampaniyasına start verib, estafeti “İmarət Tayfa”ya ötürüb. “İmarətçilər” də üzərinə düşən işin öhdəsindən artıqlamasıyla gələrək supermarketlərdəki ərzaqların bir qismini imkansız ailələrə paylayıblar. “İmarət Tayfa” missiyanı “Forza Neftçi”yə verib. “Neftçi”nin çılğın azarkeşləri də xayirxah addımla insanların dualarını qazanıblar.
Son olaraq “Forza Neftçi”nin estafeti “Beşiktaş Azərbaycan”a ötürdüyünü də qeyd edək. Halal olsun sizə, Azərbaycan oğulları, tribuna canavarları!
HƏBİB