Sizin reklam burada

“UltrAslan Azərbaycan” AFFA-dan pul almayıb

Baxış Sayı:424

“UltrAslan Azərbaycan” AFFA-dan pul almayıb
Ötən sayımızda Gəncədən bizə ötürülən məlumata istinadla yığmanın Macarıstanla oyununa gələn gələn gəncəli azarkeşlərin səfər xərclərinin AFFA tərəfindən qarşılandığını xəbər vermişdik. Həmin yazıda “Kəpəz Ultras”ın və “Qalatasaray”ın bu şəhərdəki fanklubunun üzvlərinin assosiasiyanın səxavəti hesabına paytaxta səfər etdiklərini vurğulamışdıq.
Dünən redaksiyamızla əlaqə saxlayan “UltrAslan Azərbaycan” fanklubunun rəhbəri Sənan Rəsulzadə yazılanlarla razılaşmadığını, mənbəmizin bizə yanlış informasiya ötürdüyünü bildirdi: “Bu gün qəzetinizdə “UltrAslan”ın Gəncə bölməsinin üzvlərinin Macarıstanla oyuna AFFA-nın ayırdığı maliyyə hesabına gəlib-getdiyini yazmısız. Açığı, bu xəbəri oxuyub çox pis oldum. Çünki biz ilk gündən demişik ki, bizim AFFA-ya ehtiyacımız yoxdu. Qarşılaşmaya biletləri də, Gəncədəki yoldaşlarımızın Bakıya gəliş-gedişini də fanklub olaraq özümüz həll etmişik. Assosiasiyadan buna görə bir qəpik də pul almamışıq. Bu məlumatı sizə ötürən şəxs, görünür, bizi kimlərləsə səhv salır. Başqa fanklublar adından danışmaq istəmirəm. Deyə bilmərəm, kimlərə nə verilib, kim kimdən nə alıb. “UltrAslan Azərbaycan” olaraq biz həmişə öz xərclərimizi özümüz çəkmişik. Bizim fanklubun Gəncədə də üzvləri var. Onların maddi durumunu nəzərə alıb şəxsən mən iyunun 7-də E-manat vasitəsi ilə ora pul göndərmişəm. Gəncədəki fanklub üzvlərimiz də məhz həmin vəsaitin hesabına yığmanın Macarıstanla oyununa gəliblər. Onları Bakıda istənilən səviyyədə qarşılayıb, lazımi tədbirlər görmüşük. Söylədiklərimi sizə sənədlə, E-manatdan aldığım qəbzlə sübuta yetirə bilərəm. Qəzetinizdə gedən xəbər başda mən olmaqla, fanklubumuzun əksər üzvlərinin narazılığına səbəb olub. Sizə bu xəbəri ötürən şəxs yaxşı olardı ki, hər şeyi detallı şəkildə araşdırıb, sonra nəsə deyəydi. “UltrAslan Azərbaycan”ın heç kimin puluna ehtiyacı yoxdu. Millinin oyunu ərəfəsində birləşmək söhbəti ortaya çıxanda mənə çox zənglər gəldi. Söhbət əsnasında bir çox məsələlər müzakirə olundu. Danışıqların səs yazısı bu gün də məndə durur. İlk gündən mövqeyimizi ortaya qoyduq və bildirdik ki, bizə heç kimin heç nəyi lazım deyil. “UltrAslan” fanklubunun “Neftçilər” metrosu yaxınlığında öz məkanı var. Bizi tanıyanların hamısı bilir ki, müstəqil, heç kimdən asılı olmayan fanklubuq. Yenə deyirəm, bu sayınızda gedən xəbər bizi çox məyus etdi”.
RƏŞAD

Oxşar xəbərlər
SON XƏBƏRLƏR