''Qalatasaray''ın qəhrəmanı oyun bitən kimi əməliyyat olundu

26.11.2026 21:50
Dünya futbolu
''Qalatasaray''ın Çempionlar Liqasında ''Aston Villa''nı minimal hesabla yendiyi qarşılaşmaya Dəniz Gül damğa vurdu.

Viktor Osimhenin yoxluğunda ikinci hissədə meydana çıxan Türkiyə yığmasının üzvü 77-ci dəqiqədə başla fərqlənməklə qəhrəmana çevrildi. Özü də bu, oyunda ''çərçivə''yə vurulan ilk zərbə idi.

22 yaşlı futbolçu qol anında çox ciddi zədə aldı. Qonaqların üzvü Nikolas Cekson topu var gücü ilə uzaqlaşdırmağa çalışdığı anda onun ayağı düz Dəniz Gülün sifətinə tuş gəldi. ''Qalatasaray''ın üzvünün üzü al-qana bulaşdı. Tibbi personal elə stadiondaca onun burnunun qan açılan hissəsinə bir neçə tikiş qoymalı oldu və Dəniz başı sarğılı şəkildə oyunu tamamladı.

Matçın ardından isə istedadlı futbolçu yaranın böyük iz buraxmaması üçün burnundan əməliyyat olundu. Ancaq bu əməliyyat onun məşqlərdə iştirak etməsinə və həftəsonu ''Beşiktaş''la derbidə oynamasına mane olmayacaq.