''Real''dan növbəti geridönüş, Arda Gülərdən növbəti mükəmməl oyun

26.11.2026 20:40
Dünya futbolu
''Real'' Çempionlar Liqasında növbəti klassik geridönüşlərindən birini həyata keçirdi.

Madrid nəhəngi liqa mərhələsinin 5-ci turunda PSV ilə ev oyununda gözlənilmədən fasiləyə minimal hesabla geridə yollandı. Amma ''blankos'' ikinci hissədə Cud Bellingemin də meydana çıxmasından sonra 5 qol vuraraq heç də zəif olmayan rəqibini darmadağın etdi (5:1).

Joze Mourinyonun komandası bu mövsüm ÇL-də artıq 3-cü əzmkar qələbəsini qazandı! ''Kral klubu'' 2-ci turda səfərdə ''Roma'' (4:3) və 4-cü turda səfərdə AEK (3:2) ilə oyunda da hesabda geri düşməsinə rəğmən qalib gəlmişdi.

Bu dəfəki geridönüşdə Arda Gülər də mühüm rol oynadı. Türkiyəli ulduz qol vurmasa da, aktivinə iki məhsuldar ötürmə yazdı. O, 50-ci dəqiqədə Valverdenin və 64-cü dəqiqədə Mbappenin fərqlənməsinə şərait yaratdı. Arda 70-ci dəqiqədə ''Bernabeu''nun böyük alqış sədaları altında əvəzləndi. 21 yaşlı futbolçu bu mövsüm məhsuldar ötürmələrinin sayını 8-ə yüksəltdi. Bütün turnirlərdə onun aktivində 4 qol, 8 məhsuldar ötürmə var. ''Real'' 5-ci turu da itkisiz başa vurdu və tarixində cəmi 4-cü dəfə ÇL-də mövsümə ardıcıl 5 qələbə ilə start vermiş oldu.

Komanda bu cür şəkildə başladığı əvvəlki 3 mövsümün (2011/12, 2014/15, 2023/24) hamısında ən azı yarımfinala qədər irəliləyib və 1-də çempion olub.

"Real'' ümumilikdə Mourinyo ilə ÇL-də evdə keçirdiyi 20-ci oyunda 17-ci qələbəsini qazandı (2 heç-heçə, 1 məğlubiyyət). Yəni komandanın bu turnirdə bu məşqçi ilə evdə qələbə faizi 81-ə bərabərdi. Bu, ÇL tarixində bir komandanın başında ən azı 20 oyuna çıxan məşqçilər üçün rekord göstəricidi.