Osimhen ''Qalatasaray''da zədə üzündən nə qədər oyun buraxıb?
Dünya futbolu
''Qalatasaray'' camiəsi Viktor Osimhendən yenidən müjdəli xəbər gözləyir. Məlum olduğu kimi ''Ştutqart''la oyunda zədə alan nigeriyalı ulduz noyabrın 7-də əməliyyat olunub. Bu aralar onun sağalma müddəti ilə bağlı fərqli iddialar səsləndirilsə də, əsas hədəf ''Beşiktaş''la derbidi. Tibbi personal qoleadoru prinsipial rəqiblə matçda 90 dəqiqə oynayacaq səviyyəyə gətirmək üçün əlindən gələni edir. Bu mövsüm 11 rəsmi oyunda aktivinə 10 qol, 3 məhsuldar ötürmə yazan Osimhenin tez-tez zədələnməsi artıq narahatlıq doğurmağa başlayıb. Məsələ burasındadı ki, 27 yaşlı futbolçu ''Qalatasaray''a gəldiyi vaxtdan, yəni 2024-ün sentyabrından bu yana artıq 7-ci dəfə zədələnib! Osimhen indiyə qədər zədələr üzündən 142 gün komandadan uzaq qalıb və ya başqa sözlə desək, 17 oyun buraxmalı olub. O, 2024-ün sentyabrın 28-də aldığı zədə üzündən 3 oyun, 2025-in sentyabrın 7-də aldığı zədə üzündən 3 oyun, həmin ilin noyabrın 16-da aldığı zədə üzündən 2 oyun, bu ilin fevralın 17-də aldığı zədə üzündən 2 oyun, martın 18-dəki zədə üzündən 3 oyun və sentyabrda aldığı zədə üzündən yenə də 3 oyun buraxıb. Sonuncu diz zədəsi üzündən ''Amed SF''yə qarşı oyunu buraxan ulduz futbolçunun yığma fasiləsindən dərhal sonrakı ''Samsunspor''la oyunda iştirakı gözlənilmir. Yəni ünlü futbolçunun zədə üzündən qaçıracağı oyunların sayı 18-ə yüksələcək. Ondan sonra gələn ''Aston Villa'' ilə oyunda isə rəqəm 19-a yüksələ bilər.





