“İmişli” axtardığını elə özündə tapdı - indi nəyi gözləyir?

15.11.2026 22:51 0
Ölkə futbolu / Manşet
Oktyabrın 10-da Yevlaxda “Qarabağ”a məğlub olan “İmişli” həmin oyundan sonra baş məşqçisi Fərid Namazovla yolları ayırdı. Amma komandanı premyer-liqaya daşıyan və daha sonra yenidən “sükan arxasına” keçən azərbaycanlı mütəxəssis bu dəfə özünü doğrulda bilmədi. Cəmi 7 turdan sonra vəzifəsindən göndərildi.

Ancaq görünür, bəxt “pələnglər”in üzünə güldü. Yeni baş məşqçi müəyyənləşənə qədər komandanı meydana çıxarmaq köməkçi məşqçi, latviyalı Ervins Perkonsa həvalə olundu. Daha əvvəl “Jelqava U-19” və “Super Nova” komandalarında çalışmış mütəxəssis isə ona göstərilən etimadı doğrultmaqla kifayətlənmədi, qısa müddətdə diqqətləri üzərinə çəkdi.

Perkonsun rəhbərliyi altında ilk sınaq iddialı “Turan Tovuz”a qarşı oldu. “İmişli” hücum futbolu sərgiləyərək rəqibini minimal hesabla məğlub etdi. Ardınca “dişli” rəqiblərdən sayılan “Şamaxı” ilə görüşdə də 2:1 hesablı qələbə qazandı. 10-cu turda səfərdə “Kəpəz”ə 0:1 hesabı ilə uduzsa da, sonadək mübarizə apardı. İlk dövrənin son matçında isə “Sumqayıt”la qolsuz heç-heçə edərək daha bir xal qazandı.

Fərid Namazov yayda komandaya gəldi, 7 oyunda cəmi 4 xal topladı. Ervins Perkons isə müvəqqəti sükanı ələ aldı və 4 çətin qarşılaşmada 7 xal qazandı. Üstəlik Aran təmsilçisi ölkə kubokunun ikinci təsnifat mərhələsində “Qaradağ Lökbatan”ı 4:1 hesabı ilə məğlub edərək növbəti mərhələyə yüksəldi.

Müvəqqəti statusla işə başlayan latviyalı mütəxəssis qısa müddətdə özünü göstərməyi bacardı. “İmişli” rəhbərliyi yeni baş məşqçi axtarışında Perkonsu yoxlayırdısa, daha nəyi gözləyir?! Axı bu sınaq artıq başa çatıb. Həm nəticələr, həm də meydandakı oyun Perkonsun bu vəzifəyə layiq olduğunu göstərir. Bəlkə də “İmişli” uzaqda axtardığı baş məşqçini elə öz daxilində tapıb…

İSRAYIL XEYRULLAYEV