Misli premyer-liqasında 1-ci dövrə geridə qaldı. Bu o deməkdi ki, mövsümün üçdəbiri artıq başa çatıb.
Cari “futbol ili”nin əvvəlkilərlə müqayisədə daha maraqlı keçdiyinə şübhə yoxdu. Azı ona görə ki, ilk “5-lik”də ciddi sıxlıq yaranıb. Axı 5-ci sırada qərarlaşan “Zirə” liderdən – “Neftçi”dən cəmi 5 xal geridədi. Lider demişkən, “ağ-qaralar” 90 illik yubileyində çempion olmaq üçün “dəridən-qabıqdan çıxır”. Yalnız “Zirə”yə uduzan komanda sükanı belə saxlasa, qış çempionluğunu bayram edəcək. İki cəbhədə mübarizə aparan “Sabah” yorğunluğu gizlədə bilmir. “Bayquşlar” son 5 matçda cəmi 1 qələbə qazanıb. Toparlana bilməsələr, ikinci pilləni də əldən verəcəklər. Axı “Turan Tovuz” çempionluq yarışından qopmaq istəmir. Bəli-bəli, “bozqurd” “Neftçi” ilə heç-heçə, “Sabah” və “Qarabağ” üzərində qazanılan qələbələr sayəsində hazırda 3-cü sıradadı.
Son 4 oyunda qələbə üzü görməyən “köhlən atlar” isə artıq 4-cü pilləyə qədər geriləyib. Baş məşqçi Qurban Qurbanov vəziyyətdən çıxış yolu tapmasa, komandası ardıcıl ikinci mövsüm çempionluğa həsrət qalacaq.
1-ci dövrə həm də “Zirə”nin zədəlilərin çoxluğu üzündən xeyli xal itirməsi, Gəncə şəhər stadionuna qayıdan “Kəpəz”in fırtına kimi əsməsi ilə yadda qaldı. İndi futbol ictimaiyyətini Rəşad Sadıqovun bu problemin öhdəsindən gələ, Azər Məmmədovun “sarı-göylər”i güclü komandalar sırasında saxlaya bilib-bilməyəcəyi düşündürür. “Şamaxı”nın vəziyyəti də gəncəlilərlə oxşardı. Komanda artıq ortabablar arasında möhkəmlənə bilib. “İmişli” də isə fərqli mənzərə var. Ona görə ki, məşqçi Ervins Perkonsla yola davam edən “pələnglər” qənaətbəxş nəticələr qazansa da, faktiki baş məşqçisizdi. O başqa məsələ ki, həm Aran təmsilçisi, həm də cari mövsümdə hələ “Mehdi Hüseynzadə”yə ayaq basa bilməyən “Sumqayıt” təhlükəli zonadan uzaqdadı. Filipe Kandido yavaş irəliləsə də, premyer-liqanın sirlərindən agah olmağa çalışır.
İndi təhlükə dedikdə “Qəbələ”, “Şəfa” və “Araz-Naxçıvan” yada düşür. Bu komandalar ilk dövrədən 1-ci liqaya düşmək üçün namizədlər sırasındadı. Baş məşqçi dəyişikliyi edən “qırmızı-qaralar” və “qırmızı-ağlar” hələ bunun bəhrəsini görməyib. Debütant isə hələ təcrübəsizlikdən əziyyət çəkir.
Bizi daha iki gərgin dövrə gözlədiyini bilirik. Qarşıda hələ “Sabah”, “Qarabağ”, “Neftçi” və “Turan Tovuz”un çempionluq, “Zirə”nin avrokuboklara vəsiqə qazanmaq uğrunda mübarizəsi, “Qəbələ”, “Araz-Naxçıvan” və “Şəfa”nın premyer-liqada möhkəmlənmək, “Şamaxı”, “Kəpəz”, “İmişli” və “Sumqayıt”ın isə ortabablar sırasında qalmaq cəhdləri ilə müşayiət olunacaq daha 22 tur var.
Ən maraqlısı odu ki, hələ nə çempionun kim olacağını proqnozlaşdıra bilirik, nə də elitadan kimin gedəcəyini.
KƏNAN BAHADIR
Maraqlı, intriqalı, proqnozlaşdırılması çətin... – ölkə çempionatı xoşa gəlməyə başlayıb!
Ölkə futbolu / Manşet





