Komandanın baş məşqçisi Vüsal Səfərov “Football-plus.az”a açıqlamasında bunu AFFA tərəfindən səhv məlumatlandırılmaları ilə izah etdi. Bildirdi ki, turnirin reqlamenti federasiya tərəfindən klub nümayəndələrinə düzgün çatdırılmayıb. “Zəngəzur”a bildirilib ki, yarışda yalnız peşəkar karyerası, hansısa klubla rəsmi müqaviləsi olmayan, son üç ildə Region Liqasında azı iki dəfə forma geymiş futbolçular iştirak edə bilər. Sonradan üzə çıxıb ki, bizim 1-ci və 2-ci liqa bu yarışda peşəkar liqa kimi tanınmır. Yəni futbolçular turnirdə iştirak edə bilərmiş.
Məsələ ilə bağlı AFFA-nın da mövqeyini öyrənmək üçün mətbuat xidmətinin rəhbəri Aida Əliyevaya müraciət etdik. Onun cavabı:
“Regionlar Kubokunun reqlamentinə əsasən, yarışda iştirak edən futbolçuların peşəkar statusu ilə bağlı müəyyən tələblər mövcuddu. Bu tələblərə uyğun olaraq, futbolçu karyerası ərzində heç vaxt peşəkar müqavilə bağlamamalıdı. Ötən mövsüm AFFA Region Liqasının qalibi olan “Zəngəzur”un futbolçuları ilə peşəkar müqavilələr bağlanılıb. AFFA tərəfindən klub nümayəndələrinin diqqətinə Regionlar Kubokunun müvafiq reqlamentinin tələbləri çatdırılıb və futbolçuların statusu ilə bağlı məsələlər izah olunub. Klubun heyətin formalaşdırılması və turnirdə hansı futbolçularla iştirak etməsi ilə bağlı qərarları isə klubun öz səlahiyyətləri çərçivəsində həll etdiyi məsələlərdi”.
KƏNAN BAHADIR





