“Səbail” bu dəfə daha gec tarix göstərdi – Almaniya şirkətinin əməkdaşı ölkəmizə gəldi

18.11.2026 11:02 36
Ölkə futbolu / Manşet
Yay fasiləsində “Səbail”in yeni rəhbərliyə qovuşduğunu xəbər vermişdik. Klub prezidenti Mirzə Bayrampur komandanın Qubaya köçəcəyini və adının dəyişdiriləcəyini açıqlamışdı. Lakin aradan xeyli vaxt keçməsinə baxmayaraq, bu istiqamətdə nəzərdə tutulan işlər yekunlaşmayıb.

Daha əvvəl azarkeşlərdən əldə etdiyimiz məlumata görə, klub rəhbərliyi onlara köç prosesinin noyabrın sonuna qədər başa çatacağını vəd etmişdi. Daha sonra “dənizçilər”in rəsmi sosial şəbəkə hesablarında Qubaya köçlə bağlı işlərin davam etdiyi, yalnız sənədləşmə məsələlərinin həllini gözlədiyi qeyd olunmuşdu. Ancaq noyabrın ortası olmasına baxmayaraq, komanda hələ də Qubaya köçməyib.

Bəs proses niyə ləngidi? Köçə mane olan əsas səbəb nədi? Komanda nə vaxt Qubaya köçərək bölgəni təmsil etməyə başlayacaq?

“Football-plus.az” bu suallara aydınlıq gətirmək üçün “Səbail”in prezidenti Mirzə Bayrampurun müşaviri Emin Abbasovla əlaqə saxlayıb:

“Səbail” bu dəfə daha gec tarix göstərdi

"Klubun addəyişmə prosesi gedir. Belə ehtimal edirəm ki, Qubaya köçənə qədər bu məsələ də tam həll olunar. Qubaya köç etməyə gəlincə, ilk növbədə ot örtüyünü dəyişmək lazımdı ki, komanda həm məşqlərini, həm də oyunlarını Quba Olimpiya Kompleksində keçirə bilsin. Bunun üçün Almaniya şirkətinin niderlandlı əməkdaşı artıq ölkəmizə gəlib. Sabah səhər Qubada olacaq, drenaj xəttlərinin vəziyyəti və s. ilə bağlı araşdırma aparacaq. Qərar veriləndən sonra örtüyün dəyişdirilməsi ilə bağlı müddət deyiləcək. Mən belə başa düşürəm ki, gələn ilin aprelinə qədər bütün məsələlər həllini tapar".

İSRAYIL XEYRULLAYEV