Braziliya klubu bu futbolçunu ''Qalatasaray''a geri göndərdi

17.11.2026 22:00 0
Dünya futbolu
Müqavilə ilə ''Qalatasaray''a məxsus olan və 2025-in sentyabrından bu yana icarə əsasında ''Vasku da Qama''nın şərəfini qoruyan Karlos Kuestadan xəbər var.

Braziliya təmsilçisinin 5,75 milyon avro ödəyərək kolumbiyalı mərkəz müdafiəçisinin daimi əsasda transfer edəcəyi gözlənilirdi. Amma Kuestanın bu günlərdə ağır zədə almasından sonra ''Vasku da Qama'' onun transferindən vaz keçib. Braziliyalılar artıq bu barədə həm futbolçuya, həm də İstanbul nəhənginin rəhbərliyinə məlumat verib.

Braziliyanın ''Qlobo'' nəşrinin yazdığına inansaq, Kuesta ''Vasku da Qama''dan icazə alaraq bazar ertəsi İstanbula dönüb. Ayağından zədə alan 27 yaşlı futbolçunun müayinə üçün Almaniyaya yollanacağı bildirilir. Kuesta Almaniyada ''Qalatasaray''ın məsləhət bildiyi bir həkim tərəfindən müayinə olunacaq. Diaqnozu qoyulduqdan sonra bu futbolçunun əməliyyat olunacağı və ən yaxşı halda gələn ilin aprel-mayında sıraya dönəcəyi bildirilir.

''Vasku da Qama'' indiyə qədər Kuestanın icarəsi üçün 3 milyon avro ödəyib. O, bu mövsüm ''Vasku da Qama''da 31 rəsmi oyunda iştirak edərək 2 qol, 3 məhsuldar ötürmə ilə fərqlənmişdi. Braziliya klubu ondan çox razı idi. Ancaq zədə bütün planları alt-üst etdi.

Kolumbiyalı Türkiyə çempionuna 2025-in fevralında 8 milyon avro qarşılığında Belçika təmsilçisi ''Genk''dən transfer olunub. Türkiyədə özünü göstərə bilməyən futbolçunun ''sarı-qırmızılar''la 2028-ə qədər müqaviləsi var.