Əmrə Belözoğlu Arda Turanın ulduzunu transfer etmək istəyir

16.11.2026 14:55 0
Dünya futbolu
Zirvədən 9 xal geri düşən və yanvarda heyəti gücləndirmək istəyən ''Fənərbaxça''nın maraq göstərdiyi futbolçuların adları açıqlanıb.

Türkiyə mətbuatının yazdığına inansaq, ''Fənər'' ilk növbədə yarımmüdafiə xəttini gücləndirmək istəyir. ''Korintians''lı Bidon, ''Botafoqo''lu Danilo və ''Brayton''un üzvü Yasin Ayarinin yer aldığı siyahıya son olaraq ''Şaxtyor''un braziliyalı ulduzu Marlon Qomes də əlavə olunub. 22 yaşlı ''sambaçı'' həm yaş baxımından ''10+4'' limitinə uyğun gəlməsi, həm də qiymət baxımından digərlərindən münasib olması üzündən bir andaca siyahıda zirvəyə yüksəlib. Rəhbərlik Əmrə Belözoğlunun fikrini öyrəndikdən sonra bu transferin üzərində işləməyə çalışacaq.

İddialara görə qarşı tərəflə ilk təmas elə Çempionlar Liqasındakı duel zamanı qurulacaq. Noyabrın 25-də bu komandalar Londonda üz-üzə gələcək. Həmin oyun həm də ÇL tarixində iki türkiyəli məşqçinin üz-üzə gəldiyi ilk oyun olacaq. ''Şaxtyor''u bilindiyi kimi Arda Turan çalışdırır. Belözoğlu Turana zəng vuraraq onunla bu transferin mümkün qədər aşağı qiymətə baş tutmasını müzakirə edəcək.

''Fənər''in bu transfer üçün maksimum 20 milyon avroluq büdcə ayıracağı gözlənilir. ''Vasku da Qama''nın yetirməsi olan və peşəkar karyerasına bu klubda başlayan Marlon ''Şaxtyor''a 2024-ün yanvarında transfer olunub.

Marino Puşicin dönəmində o, daha çox hücumameyilli yarımmüdafiəçi kimi diqqət çəkirdi və bu məşqçi ilə ilyarım ərzində iştirak etdiyi 47 oyunda aktivinə 8 qol, 5 məhsuldar ötürmə yazmışdı. Arda Turanın təyinatından sonra istedadlı futbolçunun müdafiə yönünün də güclü olduğu üzə çıxdı. Türkiyəli mütəxəssisin dönəmində daha çox müdafiəyəmeyilli yarımmüdafiəçiyə çevrilən Marlon Qomes 46 oyunda 2 qol, 6 məhsuldar ötürmə ilə fərqlənib.

''Şaxtyor''la 2028-in dekabrın 31-nə qədər müqaviləsi olan Marlonun ''transfermarkt''da dəyəri 12 milyon avro göstərilib.