Ağstafa Əli Bağırovun çağırışını niyə cavabsız qoydu? - tənha "gənclər" qələbələri sıralayır

16.11.2026 13:54 0
Ölkə futbolu / Manşet
Dünən futbol üzrə ölkə çempionatının 2-ci liqasında 11-ci tura start verilib. İlk oyun günündə "Difai"ni qəbul edən "Ağstafa Gəncləri" böyükhesablı qələbə qazanıb (3:0). Özü də komanda hesabı ilk 28 dəqiqədə darmadağın həddinə çatdırıb. Qalib komanda bu nəticə sayəsində 4-cü sırada yerini qoruyub. Matçı tribunalardan 60 tamaşaçı izləyib.

İş ondadı ki, oyundan əvvəl Ağstafa təmsilçisinin baş məşqçisi Əli Bağırov şəxsi "feysbuk" hesabında azarkeşlərə müraciət etmişdi. Mütəxəssis Ağstafa camaatını klubun ətrafında sıx birləşməyə, komandaya mənəvi dəstək verməyə çağırmışdı. Görünən odu ki, mütəxəssisin cəhdi nəticəsiz qalıb. Əksər tərəfdarlar bu dəfə də stadiona yollanmaq, bölgələrinin təmsilçisinə dayaq olmaq haqda düşünməyib. Bu arada Əli bəy artıq həmin paylaşımı silməyi lazım bilib.

Maraq üçün qeyd edək ki, "Ağstafa Gəncləri" əvvəlki iki matçda da qələbə qazanıb. Komanda bu oyunlarda "Şəki"ni 11:1, "Şəmkir"ə 1:0 hesabı ilə məğlub edib.

Ümumiyyətlə, "Ağstafa Gəncləri" 2-ci liqada məhdud büdcə ilə uğurlu çıxış edən azsaylı komandalardandı. Hələ mövsümün yarılanmadığını da nəzərə alsaq, Əli Bağırovun yetirmələri turnir cədvəlində daha irəlidə qərarlaşa bilər. Odu ki, böyük futbol arzusunda olan Ağstafa uğurlu təmsilçiyə arxa-dayaq olmalı, baş məşqçinin çağırışlarına hay verməlidi. Əks halda, komandanın uğurlarının davamlılığı mümkün olmayacaq, daha iddialı kollektivə çevrilmək cəhdləri fayda verməyəcək.

KƏNAN BAHADIR