''Fənər''in üzvü zədəsini sağaltmamış yenidən zədələndi

16.11.2026 10:31 0
Dünya futbolu
''Fənərbaxça'' Natan Akenin xidmətindən hələ bir müddət də yararlana bilməyəcək.

Niderlandlı mərkəz müdafiəçisi oktyabrın 20-də Çempionlar Liqasında ''Slaviya'' ilə qarşılaşmada zədə almış və son 4 rəsmi oyunda komandasına yardım edə bilməmişdi. Onun yoxluğunda müdafiənin mərkəzində bir oyunda Arçi Braun, 3 oyunda isə gənc Koco Opponq yer almışdı. Ake son günlər fərdi məşqlərə başlamışdı və onun yığma fasiləsindən sonra meydana çıxa biləcəyi güman olunurdu. Amma dünən məşq zamanı arxa əzələsində ağrılar hiss edən 25 yaşlı futbolçu yenidən müayinə olunub.

Bu futbolçu faktiki olaraq oyuna çıxmadan yenidən zədələnib. ''Fənər''in rəsmi açıqlamasında Akenin müalicəsinə start verildiyi qeyd olunub.

Bu futbolçu ''Mançester Siti''dəki dönəmində də tez-tez zədələnirdi. ''HT Spor'' kanalının məlumatına görə Ake bu dəfə ən azı 1 aylığa sıradan çıxıb. Bu da o deməkdi ki, niderlandlı qarşıdakı 4 rəsmi oyunda yenə İstanbul nəhənginə yardım edə bilməyəcək.