Donetsk təmsilçisi nominal meydan sahibi olduğu və Londondakı ''Stemford Bric'' stadionunda keçirilən matçda ''Sportinq''ə minimal hesabla boyun əydi. Türkiyəli mütəxəssis oyunsonrası mətbuat konfransında komandasının oyunundan razı qaldığını bildirərək hakimlikdən gileyləndi.
Bundan başqa Turana ''Fənərbaxça'' və Əmrə Belözoğlu haqda da sual ünvanlandı. Yığma fasiləsindən sonra baş tutacaq növbəti turda ''Şaxtyor'' Londonda məhz ''Fənər''i qəbul edəcək. Özü də Əmrə Belözoğlunun ''Fənər''ini. Çünki vaxtilə Arda Turanla Türkiyə yığmasında bərabər oynamış Əmrə Belözoğlu ''Fənər''in başına keçib.
Turan maraqlı fikirlər səsləndirərək bunları deyib:
''Əmrə Belözoğlu həyatımda xüsusi yerə malik olan insanlardan biridi. Futbol oynadığımız dönəmdə bəzən mənim üçün böyük qardaş kimi olan bir dostumdu. Onunla birlikdə Çempionlar Liqası səviyyəsindəki bir qarşılaşmanın keyfini çıxaracağıq. Çox maraqlı və həyacanlı bir oyun olacağını düşünürəm. ''Fənərbaxça'' mənim uşaqlıqdan bu yana ən çox rəqabət aparmaq istədiyim klubdu. Açığı, onlara qarşı heç bir nifrətim yoxdu. Düzdü, bəzən onlara qarşı xoş olmayan sözlər söyləmişəm və bu rəqabətdə bir-birimizlə məzələndiyimiz anlar da olub. Amma onlara nifrət etmirəm. Çünki rəqabətimin ən önəmli səbəbi onlardı. ''Fənər''ə qarşı dəfələrlə həyacanlı anlarım olub. ÇL-də Əmrə Belözoğlu ilə üz-üzə gəlməkdən, ''Stemford Bric''in kənarında onunla qarşılıqlı dayanmaqdan gözəl nə ola bilər? Nəticənin necə olacağını bilmirəm. Amma stadiona gələn insanlara, gənclərə, uşaqlara maraqlı bir oyun izlətdirmək üçün əlimizdən gələni edəcəyik. Əmrəyə də, ailəsinə də hər zaman uğurlar arzulayıram. Onun övladları mənim qohumum kimidi. Möhtəşəm və qürur duyacağımız bir qarşılaşma olacaq. Nəticədən asılı olmayaraq həyatımın ən gözəl anlarından birini yaşayacağıma əminəm. ''Fənərbaxça'' çox təcrübəli komandadı və yaxşı oyunçuları var. Təcrübə baxımından onlardan geridəyik. Amma bizim də üstünlüyümüz gənc komanda olmağımızdadı. Çox güman, onlar Londonda özlərini daha çox meydan sahibi kimi hiss edəcəklər. Bu baxımdan işimiz çətin olacaq. Amma bu oyuna hələ bir neçə həftə var. İndi bizi daha çox Kiyev ''Dinamo''suna qarşı həftəsonu keçirəcəyimiz oyun maraqlandırır''.





