''Qalatasaray''da ÇL ərəfəsində zədə şoku - Osimhen ''Sportinq''lə oyunu buraxacaq!

6.09.2026 15:25 42
Çempionlar Liqası
Türkiyə çempionatında qələbələri sıralayan və liderliyini davam etdirən ''Qalatasaray'' Çempionlar Liqasının startı ərəfəsində zədə xəbərləri ilə sarsılıb.
“Football-plus.az” xəbər verir ki, ''İstanbul BŞ''yə qarşı son matçda Viktor Osimhenin qol vurduqdan bir müddət sonra zədələndiyini xəbər vermişdik. Nigeriyalı ulduz qasıq nahiyəsində ağrılar yaşadığı üçün 33-cü dəqiqədə öz istəyi ilə əvəzləndi. Eyni problem üzündən komandanın digər aparıcı üzvü Mario Lemina da həmin matçın fasiləsində əvəzləndi. Bu futbolçulardan, eləcə də Uilfrid Sinqodan gələn xəbərlər heç də ümidverici deyil. Türkiyə mətbuatının yazdığına inansaq, Osimhen böyük ehtimalla liqa mərhələsinin 1-ci turunda səfərdə ''Sportinq''lə oyunu buraxmalı olacaq! Məşqçilər korpusu onun durumu ilə bağlı riskə getmək istəmir. Hazırda tibbi müayinənin nəticələri araşdırılır. Hətta Osimhenin 3 həftəliyə sıradan çıxdığını iddia edən mənbələr də var. Leminanı isə tibbi personal oyuna yetişdirə bilmək üçün əlindən gələni edir. Digər üzücü xəbər Sinqodan gəlib. Hər dəfə formaya düşmək üzrə olduqda zədə alan bu istedadlı müdafiəçi bu dəfə 1 aylığa sıradan çıxıb! Onun sağ ayağını baldır əzələsində problem və qanama aşkarlanıb. Böyük ehtimalla Sinqo yalnız yığma fasiləsindən sonrakı ilk matçda - ''Kasımpaşa'' ilə oyunda Okan Burukun ixtiyarında olacaq. ''Sözcü'' nəşrinin yazdığına inansaq, Lissabon səfərində Okan Buruk Osimhenin yoxluğunda əksər vaxtlarda olduğu kimi B planını işə salaraq hücumun mərkəzində Barış Alpər Yılmazı oynadacaq.