Misli premyer-liqasında 1-ci dövrəyə “Zəfər turu” ilə yekun vuruldu. 11-ci turun matçları noyabrın 6-8-i aralığında keçirildi.
İlk oyun günündə iki maraqlı qarşılaşmanın şahidi olduq. Əvvəlcə “Turan Tovuz”u qəbul edən “Qarabağ” uduzmaqla qələbə həsrətini 4 görüşə çatdırdı. “İmişli”yə məğlubiyyətdən yaxşıca dərs çıxaran, “Neftçi” ilə heç-heçə edib “Sabah”a qalib gələn “bozqurd” isə növbəti vacib qələbə sayəsində “çempionluq yarışında mən də varam!” dedi. Ardından “Neftçi” zirvədən möhkəm yapışdığını sübut etdi. Evdə “Kəpəz”in 6 oyunluq məğlubiyyətsizlik seriyasına son qoyan “ağ-qaralar” liderliyini möhkəmlətdi. Belədə “Qarabağ”la oyundan əvvəl uduzan “sarı-göylər”ə iki seçim qaldı: ya ortabablar sırasında qalmağa çalışacaqlar, ya da gəncəli azarkeşlərinin avrokubok xəyalının ardınca düşəcəklər.
Noyabrın 7-də autsayderlərin duelində - “Şəfa” – “Araz-Naxçıvan” görüşündə qalib müəyyənləşmədi. Debütant ardıcıl dördüncü matçda hesabı açmasına baxmayaraq, xal itirdi. Buna rəğmən, bakılıları qazanclı tərəf saya bilərik. “Zirzəmi”nin daimi sakininə çevrilən “Araz-Naxçıvan”da isə həyəcan təbili hələ uzun müddət çalınacaq. “Zirə” – “Qəbələ” oyununda sürpriz yaşanmadı. “Qartallar” növbəti qələbəsini qazandı və iddialılar sırasında mövqeyini qorudu. Əvvəlki turda “köhlən atlar”dan xal qoparan “qırmızı-qaralar” yerində saydı. Son oyun günündə “İmişli” evdə “Sumqayıt”la “sülh”ə razı oldu. Düzdü, hərəyə bir xal komandaların təhlükəli zonadan uzaqlaşmasına kömək etdi. Lakin qələbə daha vacib idi. Çünki xal fərqi təhlükənin çox uzaqda olmadığını göstərir.
“Sabah” – “Şamaxı” matçında da heç-heçə qeydə alındı. Hadisələrin axarı “bayquşlar”ın yorulduğunu, rəqiblərin bundan maksimum faydalanmaq niyyətində olduğunu göstərir. Üstəlik, komanda indi potensial lider deyil. Çempion toparlanmalıdı ki, “Neftçi”ni haqlaya bilsin. Azər Bağırovun komandasının isə qənaətbəxş mövsüm keçirdiyinə şübhə yoxdu. “Şirlər”in xal ovu davam edir. Biz bu cür ləzzətli liqadan, sürprizlərlə zəngin matçlardan həzz alırıq. Amma kaş daha çox tamaşaçı, daha çox qol görək!
6 noyabr
Qarabağ – Turan Tovuz 0:1
Neftçi – Kəpəz 1:0
7 noyabr
Şəfa – Araz-Naxçıvan 2:2
Zirə – Qəbələ 2:1
8 noyabr
İmişli – Sumqayıt 0:0
Sabah – Şamaxı 2:2
1. Neftçi 11 7 3 1 26-11 24
2. Sabah 10 6 3 1 22-6 21
3. Turan Tovuz 11 6 3 2 12-8 21
4. Qarabağ 10 5 4 1 14-8 19
5. Zirə 11 5 4 2 16-15 19
6. Kəpəz 10 5 2 3 10-10 17
7. Şamaxı 11 3 5 3 17-16 14
8. İmişli 11 3 2 6 9-15 11
9. Sumqayıt 10 2 4 4 13-14 10
10. Qəbələ 11 2 2 7 6-18 8
11. Şəfa 11 1 2 8 8-20 5
12. Araz-Naxçıvan 11 0 4 7 11-23 4
Bombardir: Breno Almeyda (Neftçi) - 9.
Növbəti turun proqramı belədi: 20 noyabr – İmişli – Zirə, Sumqayıt – Sabah, 21 noyabr – Şamaxı – Turan Tovuz, Şəfa – Qəbələ, 22 noyabr – Araz-Naxçıvan – Neftçi, Kəpəz – Qarabağ.
KƏNAN BAHADIR
"Turan Tovuz"dan "Neftçi"yə yaxşılıq, "Qarabağ"dan özünə pislik gəldi - elitada nə yaşanır?
Ölkə futbolu





