''Qalatasaray''la Nigeriya Futbol Federasiyası (NFF) arasında Viktor Osimhen ilə bağlı problem nəhayət, yoluna qoyulub.
Məlum olduğu kimi bir neçə müddətdi zədə üzündən əsas qol silahından istifadə edə bilməyən ''Qalatasaray'' ən son Trabzonda da onun xidmətindən yararlana bilmədi. Buna baxmayaraq Osimhen Nigeriya yığmasına dəvət olunmuşdu. NFF onun qarşıdan gələn Afrika Millətlər Kubokunun seçmə mərhələ oyunlarında iştirak etməsini istəyirdi. Özü də İstanbul nəhənginin Osimhenin yığmaya çağırılmaması ilə bağlı ilk tələbi federasiya tərəfindən geri çevrilmişdi.
Hər halda bunu Türkiyə mətbuatı iddia edirdi. Amma Osimhen Trabzona aparılmadıqdan sonra ''Qalatasaray'' ikinci dəfə NFF nümayəndələrinə məktub göndərərək Osimhenlə bağlı tələbini yenilədi. Maraqlıdı ki, bu dəfə bu addım işə yaradı. NFF rəsmi bəyanat yayaraq Osimhenin adının Madaqaskar və Qvineya-Bisauya qarşı oyunların iştirak ərizəsindən çıxarıldığını açıqladı! Bu baxımdan ''Qalatasaray'' camiəsi artıq rahat nəfəs ala bilər.
''Cim-Bom''u yığma fasiləsindən sonra - oktyabrın 9-da ''Kasımpaşa'' ilə oyun gözləyir. Osimhenin həm bu oyunda, həm də oktyabrın 13-də Çempionlar Liqasında ''Barselona'' ilə matçda iştirak edəcəyi gözlənilir.
''Qalatasaray'' ilə Nigeriya Futbol Federasiyası Osimhenlə bağlı nəhayət, anlaşdı
Dünya futbolu






