Deyəsən Viktor Osimhen üzündən ''Qalatasaray'' ilə Nigeriya Futbol Federasiyası arasında yenə münasibətlər gərginləşəcək.
Son iki mövsümdə ulduz futbolçunun yığmanın düşərgəsində zədələnməsi və ya tam sağalmadan yığmanın heyətində oynaması üzündən klub və yığma komanda arasında bir neçə dəfə söz-söhbət yaranıb. Qarşıdan yenə yığma ''pəncərəsi'' gəlir və Osimhen Nigeriyanın heyətinə daxil edilib.
Nigeriyalıları Afrika Millətlər Kubokunda sentyabrın 25-də Madaqaskar, sentyabrın 29-da Qvineya-Bisau ilə oyunlar gözləyir. Məşqçilər korpusu bu oyunlarda Osimhenin xidmətindən yararlanmaq niyyətindədi. Oktyabrın 6-da Rusiya ilə yoxlama oyununda isə 27 yaşlı forvard iştirak etməyəcək. Amma ''Qalatasaray'' Osimhenin yığmanın heyətində meydana çıxmasının əleyhinədi. Çünki bu futbolçu hələ də tam olaraq zədəsini sağaltmayıb.
Bilindiyi kimi Osimhen sentyabrın 4-də ''İstanbul BŞ'' ilə oyunda zədələnib və son iki qarşılaşmanı buraxmalı olub. Şənbə günü ''Cim-Bom''u səfərdə ''Trabzonspor''a qarşı çox mühüm oyun gözləyir. Osimhenin bu matçda oynayıb-oynamayacağına tibbi personal qərar verəcək.
Ulduz futbolçu meydana çıxa bilməsə, ''Qalatasaray'' rəsmiləri Nigeriya Futbol Federasiyası ilə saxlayaraq onun bu ''pəncərə''də yığmaya çağırılmamasını tələb edəcəklər. Qarşı tərəfin buna necə reaksiya verəcəyi maraq doğurur. Çünki Nigeriya mənbələrinin məlumatına görə federasiya Osimhenin qarşıdakı rəsmi matçlarda iştirak etməsini istəyir.
Osimhen ''Qalatasaray''la Nigeriya arasında yenə mübahisəyə səbəb olacaq?
Dünya futbolu






