''Qalatasaray'' və Kot d'İvuar yığmasının üzvü Uilfrid Sinqonun başı heç cür zədələrdən açılmır.
Bu mövsüm cəmi 2 rəsmi oyunda forma geyən və əzələsini dartan bu futbolçudan yenə üzücü xəbər var. Son 4 rəsmi oyunu buraxmalı olan 25 yaşlı futbolçunun yığma fasiləsindən sonra sıraya dönəcəyi gözlənilirdi. Amma heç də belə olmayacaq. Türkiyə mənbələrinin yazdığına inansaq, universal müdafiəçinin geri dönüşü daha uzun çəkəcək. O, ''Kasımpaşa'' ilə ''Barselona''ya qarşı oyunları da buraxacaq və ən yaxşı halda oktyabrın 17-də ''Gənclərbirliyi'' ilə matçda sıraya dönəcək.
Bu xəbər Sinqoya görə ödənilən məbləği yenidən aktuallaşdırıb. Axı bu futbolçu ötən yay ''Monako''dan nə az, nə çox - düz 30,7 milyon avroya transfer edilib. Amma zədələr üzündən indiyə qədər İstanbul nəhənginə gözlənilən faydanı verə bilməyib. Sinqo 2025/26-da üç ayrı zədə üzündən ümumilikdə 145 gün, yəni 23 rəsmi oyunu buraxmalı olub. Bu mövsüm də eyni problem üzündən artıq 28 gün komandadan kənar qalıb ki, bu da ümumilikdə 173 gün deməkdi. Bu mövsüm 5 oyunu buraxan Sinqo qarşıdakı iki oyunu da buraxmalı olacaq. Beləcə iki mövsüm ərzində onun iştirak etdiyi oyunların sayı 31-sə, zədə üzündən qaçırdığı oyunların sayı 30 çatacaq!
Bu yay bir ara onun ayrılması gündəmə gəlsə də, Sinqo DÇ-2026-nın gedişində də yüngül zədə alaraq bir müddət sıradan çıxmışdı.
Transfer dəyəri 23 milyon avro olan bu futbolçu indiyə qədər ''Qalatasaray''da iştirak etdiyi 31 oyunda aktivinə 2 qol, 3 məhsuldar ötürmə yazıb.
''Qalatasaray''ın üzvü gözləniləndən gec qayıdacaq - daha iki oyunu buraxmalı olacaq
Dünya futbolu






