Ardanın qolu Messinin qolunu xatırlatdı - ''Bu zərbəyə papaq çıxarmaq lazımdı''

15.11.2026 13:48 0
Dünya futbolu
Türkiyə Millətlər Liqasında İzmirdə Belçikaya uduzsa da, Arda Gülər həm oyunu, həm də vurduğu möhtəşəm qolla ön plana çıxmağı bacardı. ''Real''ın ulduzu oyunboyu Türkiyənin heyətində ən fəal futbolçu oldu. Amma komanda yoldaşları onun tempinə ayaq uydura bilmədi və onun qədər istəkli görünmədi. 20-ci dəqiqədə isə Gülər sosial şəbəkələrin bəzəyinə çevrilən mükəmməl bir qol vurdu. Gənc ulduz təxminən 30 metrlik məsafədən yerinə yetirdiyi cərimə zərbəsi zamanı topu ''doqquzluğa'' sancdı. Bu qol Lionel Messinin 2019-cu ildə Çempionlar Liqasının yarımfinalında ''Liverpul''a cərimə zərbəsindən vurduğu unudulmaz qolu xatırlatdı. Bu bənzətməni İspaniyanın ünlü ''Marka'' nəşri etdi. ''Ay-ulduzlular''ın heyətində cərimə zərbəsindən son qolu 2021-in martında Niderland ilə görüşdə Burak Yılmaz vurmuşdu. Elə belçikalı futbolçular da Ardanın qoluna və oyununa biganə qalmadılar. Karyerasını ''Mançester Yunayted''də davam etdirən qapıçı Senne Lammens bunları dedi: ''Matçın sonlarında rəqib üzərimizdə təzyiq qurdu. Amma qələbəni əldən vermədik. Arda Gülərin qolu mükəmməl idi. Bəzən elə olur ki, rəqibi alqışlamalı olursan. Bu qol məhz o cür qol idi. Belə zərbə qarşısında yalnız papaq çıxarmaq lazımdı''. Belçikanın təcrübəli ulduzu Kevin De Bruyne də Ardaya tərif yağdıraraq bunları dedi: ''Arda Gülər möhtəşəm futbolçudu. Bu matçda gözümüz əsasən onun üzərində idi. Məncə, digər komanda yoldaşları da üzərlərinə məsuliyyət götürməlidi. Çünki bütün məsuliyyət yalnız Ardanın üzərində idi. Biz də planımızı məhz buna görə qurmuşduq. Arda əbəs yerə ''Real''da oynamadığını və dünyanın ən yaxşı futbolçularından sayılmadığını göstərdi''.