Dünən Millətlər Liqasında yığmamızın yer aldığı qrupda ilk oyun keçirilib. Aşkar autsayder Lixtenşteyn evdə Litvaya uduzub – 0:2. İlk yarı qolsuz bitsə də, Baltikyanı ölkənin təmsilçisi fasilədən sonra iki cavabsız qol vurub. Lukas Mixelbrink 53-cü, Artur Doljnikov 66-cı dəqiqədə fərqlənib.
Yığmamız sentyabrın 27-də məhz Litvanın qonağı olacaq. Əslində bu komanda səfərdə qələbə qazanmaqla artıq Azərbaycanla rəqabətdə bir addım önə çıxıb. İndi Ayxan Abbasov və komandası Kaunasda yalnız qələbəyə can atmalıdı. Bəs Edqaras Yankaus Lixtenşteynlə oyunda hansı futbolçuların xidmətindən yararlanıb?
“Football-plus.az” Litva millisinin Vadutsda meydana çıxan heyətini təqdim edir: 23. Dyuqas Bartkus, 2. Artemius Tutişkinas, 3. Edqaras Utkus, 5. Kipras Kajukolovas, 17. Piyus Şirvis (21. Adrian Likunas, 61), 16. Lukas Mixelbrink, 6. Modestas Vorobyovas (22. Moteyus Burba, 46), 15. Gvidas Gineytis, 11. Eligiyus Yankauskas (7. Artur Doljnikov, 61), 10. Armandas Kuçis (9. Manfredas Ruzgis, 73), 13. Yustas Lasitskas (4. Ziqimantas Baltrunas, 83).
Litvalılar aşkar üstün təsir bağışlayıb. Onlar oyun vaxtının 73 faizində topa sahib olub. 8 dəfə künc zərbəsi endirən komanda rəqibə belə imkan verməyib. Baltikyanı ölkə təmsilçisi ötürmə sayında da rəqibi təxminən üç dəfə üstələyib. 4-3-3 sxemini seçən rəqiblə qarşılaşma yığmamız üçün çətin keçəcək. Bəs onun öhdəsindən gəlmək mümkün olacaqmı?
İSRAYIL XEYRULLAYEV
73 faiz topa nəzarət, künc zərbələrində 8:0 fərq... – bu Litva yolumuzu gözləyir
Ölkə futbolu / Manşet




