Ceyhun Nuriyev bazar günü hərbi and içdi! - bəs sonra?

13.11.2026 13:57 0
Ölkə futbolu / Manşet
“Araz-Naxçıvan”ın futbolçusu Ceyhun Nuriyev hərbi xidmətə çağrılıb. Ordu sıralarına cəlb olunan 25 yaşlı yarımmüdafiəçi hazırda Gəncədəki N saylı hərbi hissədə xidmət edir. Bilindiyi kimi, Ceyhun həm də milli komandanın üzvüdü. Yəni Ayxan Abbasov onun adını məhz bu səbəbdən 27 nəfərdən ibarət siyahıya əlavə edə bilməyib.

İndi bu məsələ ətrafında xeyli sual var. Ceyhunun hərbi xidmət dövrü 1 il, yoxsa ilyarım olacaq? AFFA və “Araz-Naxçıvan” bu məsələ ilə bağlı hansı addımları atmağı planlaşdırır? Axı futbolçunun karyerasını 1-ci liqada yarışan MOİK-də davam etdirmək imkanı var. AFFA-nın mətbuat xidmətinin rəhbəri Aida Əliyevanın qəzetimizə verdiyi məlumata görə, federasiya bu yöndə addım atıb, daha doğrusu, Gənclər və İdman Nazirliyinə müraciət edib. Sadəcə, görünür, hələ nazirliyin bununla bağlı addımları nəticəsiz qalıb.

“Araz-Naxçıvan”ın mətbuat xidmətinin rəhbəri Mahal Məmmədovun "Football-plus.az" açıqlaması belədi:

“Ceyhun Nuriyevin hansı müddətə hərbi xidmətdə olacağını bilmirik. Ancaq bu ehtimal əvvəldən var idi. Bu səbəbdən futbolçu ilə klub arasında imzalanan müqavilədə həmin məqam nəzərə alınıb. Sadəcə, məxfilik prinsiplərinə əsasən, konkret şərtləri mətbuata açıqlamaq doğru olmaz”.

Bu məsələ ətrafında daha dərindən araşdırma apardıq. Məlum oldu ki, Ceyhun hərbi xidmətə oktyabrın 29-da yollanıb, ötən bazar, yəni noyabrın 8-də hərbi and içib. Bundan sonra baş verəcək proseslərə gəlincə, Müdafiə Nazirliyi AFFA-nın və Gənclər və İdman Nazirliyinin müraciətini nəzərə alarsa, futbolçu karyerasını MOİK-də davam etdirə biləcək. Hadisələrin axarı belə olacağı təqdirdə “Araz-Naxçıvan” “hərbçilər”lə ortaq məxrəcə gəlib, Ceyhunu heyətinə qaytarmağa çalışacaq.

Maraq üçün qeyd edək ki, “qırmızı-ağlar” bu ilin iyulunda Nuriyevlə birillik müqavilə imzalayıb. Futbolçu premyer-liqa klubunun heyətində sonuncu matçını oktyabrın 23-də - 9-cu turda "Qəbələ"yə qarşı keçirib.

KƏNAN BAHADIR