"Ceyhun Nuriyevin hansı müddətə hərbi xidmətdə olacağını bilmirik" - futbolçu əldən çıxdı...

10.11.2026 14:07 0
Ölkə futbolu / Manşet
Bilindiyi kimi, "Araz-Naxçıvan"ın futbolçusu Ceyhun Nuriyev hərbi xidmətə çağrılıb. Ordu sıralarına cəlb olunan 25 yaşlı yarımmüdafiəç hazırda Gəncədə N saylı hərbi hissədə xidmət edir. İş ondadı ki, oyunçu həm də milli komandamızın üzvüdü.

AFFA-nın mətbuat xidmətinin rəhbəri Aida Əliyevanın "Football-plus.az"a verdiyi məlumata görə, federasiya futbolçunun karyerasını MOİK-də davam etdirə bilməsi üçün Gənclər və İdman Nazirliyinə müraciət edib. Görünür, hələ nazirliyin bununla bağlı addımları nəticəsiz qalıb. Yaxşı, bəs, klubun bu məsələ ilə bağlı planı necədi? "Araz-Naxçıvan" mövsümün sonuna qədər Ceyhundan faydalana bilməsə, hansı addımlar atılacaq?

Bu suallarla "qırmızı-ağlar"ın mətbuat xidmətinin rəhbəri Mahal Məmmədova müraciət etdik. Onun "Football-plus.az"a cavabı:

"Ceyhun Nuriyevin hansı müddətə hərbi xidmətdə olacağını bilmirik. Ancaq bu ehtimal əvvəldən var idi. Bu səbəbdən, futbolçu ilə klub arasında imzalanan müqavilədə həmin məqam nəzərə alınıb. Sadəcə, məxfilik prinsiplərinə əsasən, konkret şərtləri mətbuata açıqlamaq doğru olmaz".

Maraq üçün qeyd edək ki, naxçıvanlılar bu ilin iyulunda Ceyhunla birillik müqavilə imzalayıb. Futbolçu premyer-liqa klubunun heyətində sonuncu matçını oktyabrın 23-də - 9-cu turda "Qəbələ"yə qarşı keçirib.

KƏNAN BAHADIR