Noyabrın 13-də Millətlər Liqasının son turunda səfərdə Lixtenşteyn, 16-da isə yoldaşlıq görüşündə Andorra ilə qarşılaşacaq yığmanın heyətindəki yeni adlardan biri də İtaliyanın B seriyasında mübarizə aparan “Sampdoriya”nın 39 nömrəli formasını geyən Lorentso Mezzotero idi. Amma noyabrın 9-da AFFA daha bir məlumat yaydı, son çempionat matçında zədələnən Mezzoteronun milli komandanın heyətindən çıxarıldığını, onun əvəzinə “Araz-Naxçıvan”dan Ağadadaş Salyanskinin dəvət olunduğunu açıqladı. Bax, həmin gündən bəri Azərbaycan mediasında Lorentsonun zədəni imitasiya etdiyi, onun tezliklə İtaliya yığmasına cəlb olunacağı, yəni gerçək vətənini seçəcəyi ilə bağlı iddialar dolaşır. Və belə iddialar heç də əsassız deyil.
İş ondadı ki, Mezzotero ölkəmizin əsas yığmasına çağrılandan əvvəl İtaliyanın mediasında onun əldən çıxmasıyla bağlı yazılan məqalələrin sırası çağrılandan sonra daha da artdı. Noyabrın 7-də “Sampdoriya”nın baş məşqçisi Luka D’Ancelo klub saytına açıqlamasında futbolçu barədə müsbət fikirlər səsləndirmişdi:
“Mezzotero çox yaxşı çıxış edir, məşqlərdə də özünü yaxşı tərəfdən göstərir. Ona mütləq şans verəcəyik”.
Ertəsi B seriyasının 11-ci turunun “Karrareze” ilə oyununda arzuolunmaz hadisə yaşandı. Düzdü, “Sampdoriya” həmin gün səfərdə 1:0 hesabıyla qalib gəldi, ancaq start heyətində yer alan Lorentso 69-cu dəqiqədə zədə üzündən meydanı tərk etdi. Deyilənə görə, oyunun gedişində ayağının üst hissəsindən zərbə alıb.
Noyabrın 9-da AFFA-ya elektron məktub göndərən “Sampdoriya” Lorentsonun budəfəki toplanışa qatıla bilməyəcəyini xəbər verib, həmçinin futbolçunun noyabrın 10-da tibbi müayinədən keçəcəyi qeyd olunub.
Artıq müayinədən iki gün ötüb. İtaliya mətbuatında yayılan məlumatlara görə, zədə o qədər də ciddi deyil, Mezzotero milli komandaların oyunları ilə bağlı yaranan fasilədə komanda ilə məşqlərə qoşulacaq. Əslində milliyə dəvət alan futbolçu zədələndiyi halda federasiya klubdan tibbi müayinənin nəticələrini tələb edə bilər. Klub da öz növbəsində bu sənədləri lazımi anda təqdim etməlidi. Bəs “Sampdoriya” Mezzoteronun tibbi müayinəsinin nəticələrini AFFA-ya göndəribmi? Bunu aydınlaşdırmaq üçün qurumun mətbuat katibi Aida Əliyeva ilə əlaqə saxladıq. Onun dediyinə görə, klub AFFA-ya yalnız futbolçunun zədələnməsi barədə rəsmi məktub göndərib. Tibbi müayinənin nəticələri ilə bağlı hansısa məlumat təqdim olunmayıb.
…Deyəsən, Lorentso İtaliyadakı futbol mafiyası üçün növbəti oyun predmetinə çevrilib. Tezliklə hər şey üzə çıxacaq.
İSRAYIL XEYRULLAYEV





