Sərgən Yalçın dönəmi məğlubiyyətlə başladı - Türkiyə yenə xalsızdı

13.11.2026 11:55 0
Dünya futbolu
Türkiyə üçün Millətlər Liqasının cari mövsümü kabus kimi keçməkdə davam edir.

A liqasına vəsiqə qazanmaqla qardaş ölkənin komandası sanki özünə qəbir qazmış oldu. Fransa, İtaliya və Belçikanın yer aldığı qrupda ilk 4 oyunu xalsız başa vuran və Vinçentso Montella ilə yollarını ayıran ''ay-ulduzlular'' Sərgən Yalçının debüt oyununda 5-ci tur çərçivəsində evdə Belçika ilə qarşılaşdı. İzmirdə baş tutan oyunda Türkiyə hətta hesabı açan tərəf olmasına baxmayaraq yenə xal qazana bilmədi.

Meydan sahibləri 20-ci dəqiqədə Arda Gülərin cərimə zərbəsindən vurduğu qol sayəsində hesabı açsalar da, Belçika cəmi 10 dəqiqə ərzində vəziyyəti lehinə dəyişə bildi. 27-ci dəqiqədə Kevin De Bruyne və 30-cu dəqiqədə Şarl De Ketelare fərqləndi. İkinci hissədə qol olmadı. Türkiyə topa sahib olmada (53%) və ''çərçivə''yə zərbələrdə (7:6) üstün olmasına baxmayaraq ardıcıl 5-ci məğlubiyyətlə barışmalı oldu.

Türkiyənin sonuncu dəfə belə uğursuz seriyası 1980-82-ci illərdə olmuşdu. O vaxt komanda ardıcıl 8 görüşdə məğlub olmuşdu. Belçika XXI əsrdə ilk dəfə Türkiyəni səfərdə məğlub etdi. Bu rəqibini səfərdə sonuncu dəfə 1997-də yenən Belçika sonrakı iki oyundan bir heç-heçə və bir məğlubiyyətlə ayrılmışdı.

Sərgən Yalçın Mirça Luçeskudan (2017 sentyabr, Ukraynaya qarşı 0:2) bu yana Türkiyənin başında çıxdığı ilk oyundan məğlubiyyətlə ayrılan birinci məşqçi oldu.

Qrupda heç bir iddiası qalmayan Türkiyə son oyununu noyabrın 15-də səfərdə Fransaya qarşı keçirəcək.