Millətlər Liqasında (ML) 2-ci turun oyunları keçirilir. Bu il ilk dəfə A liqasında oynayan Türkiyənin işləri heç qaydasında getmir.
Görünür, qardaş ölkə üçün ən yüksək səviyyədə oynamaq hələ tezdi. Sentyabrın 25-də Kocaelidə Fransaya minimal hesabla uduzan ''ay-ulduzlular'' bu dəfə Bursada İtaliya ilə qarşılaşdılar. Türkiyə əzəmətli fransızlara qarşı pis təsir bağışlamadığından bu dəfə bir çoxları komandadan uğurlu nəticə gözləyirdi. Ancaq Vinçentso Montellanın kollektivi növbəti dəfə gözləntiləri qarşılaya bilmədi.
Meydan sahibləri ilk 27 dəqiqədə 3 qol buraxmaqla pərən-pərən düşdülər. İtaliya sonuncu dəfə 2021-in sentyabrında Litva ilə oyunda ilk yarım saata 3 qol sığışdırmışdı. Türkiyə isə Millətlər Liqası çərçivəsində ilk dəfə 30 dəqiqəyə 3 top buraxdı. İkinci hissədə tərəflər hərəyə bir dəfə fərqləndilər. Yekunda 4:1 üstün olan dördqat dünya çempionları qrupda ilk qələbəni bayram etdilər. İkinci oyundan da xalsız ayrılan Türkiyə qrupda sonuncu pilləyə yuvarlandı. Qardaş ölkə bu turnirdə indiyə qədərki ən böyükhesablı məğlubiyyətlə üzləşdisə, İtaliya 2019-un noyabrından (Bosniyaya qarşı 3:0) bu yana ilk dəfə səfərdə 3 top fərqli qələbə qazandı.
''Skuadra adzurra'' Türkiyə üçün lənətlənmiş rəqib olmaqda davam edir. Tarixi boyu heç vaxt İtaliyanı yenə bilməyən türklər bu sindroma 17-ci oyunda da son qoya bilmədilər (5 heç-heçə, 12 məğlubiyyət)!
Türkiyə qrupda növbəti oyununu oktyabrın 2-də səfərdə Belçikaya qarşı keçirəcək. İtaliya isə həmin gün 6 xalla qrupda lider olan Fransanın qonağı olacaq.
Türkiyə ML-də ən ağır məğlubiyyətini yaşadı - İtaliyaya qarşı sindrom davam edir
Dünya futbolu






