Türkiyə yığması yəqin ki, artıq A liqasına vəsiqə qazandığına görə peşmandı. Çünki komanda bu liqada yalnız məğlubiyyətləri sıralayır.
Evdə Fransaya (0:1) və İtaliyaya (1:4), səfərdə isə Belçikaya (0:3) məğlubiyyətlərin ardından qardaş ölkənin komandası bu dəfə Bolonyada İtaliyanın qonağı oldu. Vinçentso Montellanın kollektivi ümumilikdə pis təsir bağışlamadı. Topa sahib olmada rəqibini üstələyən Türkiyə digər əsas göstəricilərdə də demək olar, İtaliya ilə başabaş oynadı. Amma ''ay-ulduzlular''ın bu liqada əsas bəlası qol fürsətlərindən yararlana bilməməkdi.
Elə bu matçda da hesab açılana qədər qonaqlar üstün təsir bağışlayırdılar. Amma qolu İtaliya vurdu. İkinci hissədə Aral Şimşir yığmada ilk qolunu vuraraq hesabı bərabərləşdirsə də, Türkiyə davamını gətirə bilmədi. İtaliya qalan müddətdə daha 2 qol vuraraq 3:1 hesablı qələbə qazandı. Türkiyə ardıcıl 4-cü, son 7 oyunda 6-cı məğlubiyyətlə üzləşdi. Bununla da qardaş ölkə üçün qrupda qalan iki oyun formallığa çevrildi.
Komanda DÇ-2026-da qrupun ilk iki oyunundan sonra pley-off şansını itirmişdisə, bu dəfə pley-off şansı sona 2 tur qalmış itirildi.
Maraq üçün bildirək ki, türklərin ardıcıl 4 oyunda məğlub olması faktına XXI əsrdə rast gəlinməmişdi. Komanda bu uğursuzluğu sonuncu dəfə oktyabr 1987 - mart 1988 aralığında yaşamışdı. Və əlbəttə ki, Türkiyənin İtaliyaya qarşı sindromunu da qeyd etmək lazımdı.
Tarixi ərzində bu rəqibi heç vaxt məğlub edə bilməyən Türkiyə bu seriyanı 18-ci qarşılaşmada da bitirə bilmədi (5 heç-heçə, 13 məğlubiyyət).
Türkiyə ardıcıl 4-cü məğlubiyyətlə pley-off şansını itirdi
Dünya futbolu






