Türkiyə son 45 ildə ilk dəfə bu cür aqibətlə üzləşdi

4.10.2026 14:59 27
Dünya futbolu
Türkiyə Millətlər Liqasında məğlubiyyətləri sıralamaqda davam edir.

Komanda bu turnirdə ilk dəfə iştirak etdiyi A liqasında rəqiblərindən səviyyə baxımından çox geri qalır. Fransaya 0:1, İtaliyaya 1:4 hesablı məğlubiyyətlərin ardından Vinçentso Montellanın komandası bu dəfə Lyejdə Belçikanın qonağı oldu. Oyun meydan sahiblərinin 3:0 hesablı inamlı qələbəsi ilə yekunlaşdı.

Dubl edərək qəhrəmana çevrilən Kevin De Bruyne ilə yanaşı Romelu Lukakunun da qol vurması diqqət çəkdi. Halbuki təcrübəli forvard ''Fənərbaxça''da hələ də qol hesabını aça bilməyib. Qrupda 3-cü oyundan da xalsız ayrılan ''ay-ulduzlular'' sonuncu pillədən ''möhkəm yapışıblar''. Komanda növbəti oyununu oktyabrın 5-də Bolonyada İtaliyaya qarşı keçirəcək.

Ardıcıl ikinci oyunda darmadağına məruz qalan Türkiyə son 45 ildə ilk dəfə bu cür aqibətlə üzləşib. Türkiyənin ardıcıl iki rəsmi oyunda böyük hesabla uduzması sonuncu dəfə 1981-ci ildə SSRİ-yə qarşı oyunlarda (0:4, 0:3) qeydə alınmışdı. Daha öncə Türkiyənin başında rekordları sıralanan Montella indi də uğursuz göstəricilərlə diqqət çəkir. O, son 33 ildə Türkiyənin başında ardıcıl 3 oyundan məğlubiyyətlə ayrılan ilk əcnəbi məşqçi oldu.

Qardaş ölkə əcnəbilərdən sonuncu dəfə bu uğursuzluğu noyabr 1992 - fevral 1993 aralığında polşalı Zepp Pyontekin başçılığı altında yaşamışdı.