“Fənərbaxça”nın yeni baş məşqçisi artıq bəllidi.
"Football-plus.az" xatırladır ki, İsmayıl Kartalın istefasından sonra yerlilər arasında Aykut Kocamanın, Abdulla Avcının, əcnəbilər arasında isə Vinçentso Montellanın, Antonio Kontenin (və Valdas Dambrauskasın) adı ön plana çıxmışdı. Amma sonda onların heç biri “Fənər”ə gələsi olmadı. İstanbul nəhəngində artıq 2-ci Əmrə Belözoğlu dönəmi rəsmən start götürdü.
Arda Gülər, Acun Ilıcalı və Aleksdən dəstək
Maraqlıdı ki, bazar ertəsi bir andaca Serjio Konseysaonun adı ön plana çıxmağa başladı. Ertəsi gün Türkiyənin əksər mənbələri rəhbərliyin portuqaliyalı çalışdırıcı ilə ilyarımlıq anlaşma əldə etdiyini yazdı. Konseysaonun gün ərzində son detalları razılaşdırmaq üçün Türkiyəyə gələcəyi, eləcə də “Liverpul”la oyunu tribunadan izləyəcəyi bildirildi. Sosial şəbəkələrdə əvvəlki portuqaliyalı məşqçilərin, yəni Vitor Pereyra, Jorje Jezuş və təbii ki, Joze Mourinyonun komandanı çempion edə bilməməsi ciddi müzakirə olundu. Ancaq Konseysao dönəmi başlamadan bitdi və bu təyinat baş tutmadı.
Türkiyə mənbələrinin yazdığına inansaq, təcrübəli məşqçinin ilkin anlaşmanın şərtlərini dəyişməyə çalışması “Fənər” rəhbərliyinin xoşuna gəlmədi. Belə ki, Konseysao sonradan müqavilənin 2,5 illik olmasını istədi. Eləcə də maaşının ilkin anlaşmadakı məbləğlə müqayisədə 60 faiz də artırılmasını tələb etdi. Başqan Əziz Yıldırım zatən bu vəzifəyə birillik müddətə gəldiyini gizlətmir. Yəni mövsümün sonunda camiədə növbəti prezident seçkisi baş tutacaq və indi “Fənər”ə yeni bir məşqçi ilə uzunmüddətli anlaşma sərf etmir. Konseysao variantı gündəmdən düşəndən dərhal sonra diqqətlər “Kasımpaşa”nın başında yer alan Əmrə Belözoğluya yönəldi. 46 yaşlı mütəxəssislə qısa müddət ərzində bütün prinsipial məsələlərdə anlaşmaq mümkün oldu.
Belözoğlu son turda “Beşiktaş”la matçın ardından keçirilən mətbuat konfransında zatən hər an “sarı-lacivərdlilər”in başına keçməyə hazır olduğunu, eləcə də bu klubun onun üçün xüsusi önəm kəsb etdiyini dilə gətirmişdi. Konseysaodan fərqli bu dəfə tərəflər arasında son anda heç bir anlaşmazlıq yaşanmadı və çərşənbə günü həm “Kasımpaşa” öz məşqçisi ilə vidalaşdı, həm də bu təyinat “Fənərbaxça” tərəfindən rəsmən açıqlandı. Müqavilə ilyarımlıq olacaq. Yeganə sual doğuran məqam Əmrənin “Liverpul”la oyunda komandanın başında yer ala biləcəyi haqda yayılan xəbərlər idi. Amma bir məşqçinin yeni klubunda məşqə çıxmadan dərhal oyuna çıxması əcaib görünərdi. Ona görə də belə qərara alındı ki, Əmrə bu matçı tribunadan izləsin. İngilislərlə oyunda baş məşqçi səlahiyyətlərini isə Dirk Kuyt icra etdi.
Beləliklə, Belözoğlu ilk məşqinə çıxdı. “Çobani” stadionunda onun üçün imza mərasimi təşkil olundu. Bu təyinatın ardından “Fənər”lə əlaqəsi olan bir çox isimlərdən Əmrəyə dəstək və təbrik mesajları gəldi. Sosial şəbəkədə onun üçün Arda Gülər, Acun Ilıcalı və hətta Aleks de Souza da paylaşım edərək uğurlar arzuladı.
Bu vəzifəyə layiqdimi?
Əmrə Belözoğlu “Qalatasaray”ın yetirməsi olduğu, eləcə də futbolçu kimi peşəkar karyerasının ilk illərini burda keçirdiyi üçün “Fənərbaxça” camiəsində ona münasibət heç vaxt birmənalı olmayıb və bundan sonra da olmayacaq. Baxmayaraq ki, o, dəfələrlə uşaqlıqdan, hətta “Qalatasaray”da oynadığı dönəmdə də “Fənər”li olduğunu dilə gətirib.
İstanbul nəhənginin qazandığı son iki çempionluqda heyətdə yer alan Belözoğlu 2020-də futbolçu karyerasını tamamlayandan dərhal sonra “Fənər”də idman direktoru kimi çalışmağa başladı. Komanda həmin mövsümə Erol Bulutun rəhbərliyi altında start vermişdi. Bulut uğursuz nəticələrdən sonra o mövsümü tamamlaya bilmədi və sona 10 tur qalmış məhz Əmrə Belözoğlu baş məşqçi vəzifəsinə gətirildi. Özü də bu mütəxəssis ilk cəhddən tarix yazmağa və “Fənər”in çempionluq həsrətinə son qoymağa çox yaxın oldu. Amma sona 1 tur qalmış “sarı-lacivərdlilər” evdə “Sivasspor”a uduzmaqla böyük şok yaşadılar. Əks təqdirdə komanda son tura lider kimi daxil olacaqdı.
Belözoğlu “Fənər”in başında 10 oyunda 7 qələbə, 2 heç-heçə, 1 məğlubiyyət yaşadıqdan sonra 2021-in yayında ayrılmalı oldu. Maraqlıdı ki, Əmrə orta hesabla hər oyuna topladığı 2,3 xalla bu göstəricidə klub tarixində zirvədə qərarlaşıb! Bu siyahıda ikinci pillədə braziliyalı Karlos Alberto Parreyra (2,26), 3-cü pillədə Jorje Jezuş (2,22) qərarlaşıb. İstanbul nəhəngindən ayrılandan bəri, yəni son 5 ildə Belözoğlu iddialılardan yalnız 2021-23-cü illərdə “İstanbul BŞ”ni çalışdırıb. Ancaq nə burda, nə də “Ankaragücü” və “Antalyaspor”da nəticələri ürəkaçan olub. 2024-də hətta “Ankaragücü” onun başçılığı altında aşağı liqaya yuvarlandı!
Son turun ardından Əmrə fanatlardan üzr istəyərək göz yaşını saxlaya bilməmişdi. Maraqlıdı ki, onun son klubu “Kasımpaşa” da ötən mövsüm elitanı tərk etməyə çox yaxın oldu. Düzdü, İstanbul təmsilçisi bu mövsüm pis təsir bağışlamır. “Kasımpaşa” ilk 10 turda yalnız “Qalatasaray”a uduzub və turnir cədvəlində hətta “Fənər”dən də öndədi. Amma bu 10 turluq performansa əsasən Əmrə Belözoğlunun “Fənərbaxça” kimi nəhəngi çalışdırmağa hazır olduğunu iddia etmək olarmı? Yəni bu məşqçiyə dair şübhələr çoxdu və onun hələ də sübut etməli oluğu çox şey var.
Məşqçi kimi Belözoğlunun indiyə qədər “dişə vurulası” heç bir uğuru və titulu yoxdu. Müqayisə üçün deyək ki, Okan Buruk “Qalatasaray”a gələnə qədər “Akhisarspor”la ölkə kubokunu, eləcə də “İstanbul BŞ” ilə superliqa çempionluğunu qazanmışdı.
Kuyt qalacaqmı?
İndi gündəmdə duran əsas məsələ Əmrənin köməkçilərinin kim olacağı və Dirk Kuytun məşqçi korpusunda yer alıb-almayacağıdı. Müvəqqəti məşqçi kimi komandanın başında çıxdığı iki oyundan 1 qələbə, 1 məğlubiyyətlə ayrılan Kuyt “Liverpul”la qarşılaşmanın ardından mətbuat konfransında “bu klubu sevirəm və Əmrə istəsə, qalmağa hazıram” açıqlamasını verdi. Bir sıra mənbələrin yazdığına görə, “Fənər” rəhbərliyi Kuytun köməkçi məşqçi kimi işini davam etdirməsinin tərəfdarıdı. Amma bütün suallara Əmrənin bugünkü imza mərasimində aydınlıq gələcək.
Bu arada futbolçu kimi “Fənər”in əfsanəsi olan Volkan Dəmirəlin kluba geri dönə biləcəyi haqda da iddialar var. Onun Oğuz Çətinin yerinə idman direktoru vəzifəsinə gətiriləcəyi bildirilir. İndiyə kimi “Fatih Karagümrük”, “Hatayspor”, “Bodrum”, son olaraq “Gənclərbirliyi”ni çalışdıran və hazırda işsiz olan 45 yaşlı Dəmirəl bir müddət öncə “Fənər”də istənilən vəzifədə çalışmağa hazır olduğunu dilə gətirmişdi.
Yeri gəlmişkən, onu da bildirək ki, “Kasımpaşa” Əmrə Belözoğlunun ardından Alfred Shröder ilə anlaşıb. Daha öncə “Tvente”, “Hoffenhaym”, “Brügge”, “Ayaks” kimi klubları çalışdırmış 54 yaşlı niderlandlı mütəxəssis son olaraq ötən mövsüm Səudiyyə Ərəbsitanı təmsilçisi “Əl-Diriya”da işləyib. “Kasımpaşa” yeni məşqçi ilə debüt matçını artıq bu gün səfərdə “Qaziantep”ə qarşı keçirəcək.
“Fənərbaxça”da isə 2-ci Əmrə Belözoğlu dönəmi noyabrın 8-də səfərdə debütant “Çorum”a qarşı oyunla start götürdü.
“Fənərbaxça”da 2-ci Əmrə Belözoğlu dönəmi başladı! - ƏTRAFLI
Dünya futbolu





