''Fənərbaxça''da 4-cü Kartal dönəmi rəsmən başa çatdı! - yeni məşqçi kim olacaq?

28.10.2026 10:00 27
Dünya futbolu
''Fənərbaxça''da derbidə ''Qalatasaray''a məğlubiyyətin ardından tənqidlərin əsas hədəfinə çevrilən İsmayıl Kartal bu gün rəhbərliklə görüşərək istefa verdi.

Bu, təcrübəli məşqçinin mövsümdəki ikinci istefası oldu. Onun ilk istefası qəbul olunmamışdısa, bu dəfə rəhbərlik istefanı çox düşünmədən qəbul etdi. Klubdan verilən rəsmi açıqlamada istefa qərarının qarşılıqlı anlayış və hörmət çərçivəsində dəyərləndirildiyi qeyd olundu. Beləliklə, ''Fənər''də 4-cü İsmayıl Kartal dönəmi rəsmən başa çatmış oldu.

Daha öncə 3 fərqli dönəmdə ''sarı-lacivərdlilər''i çalışdıran, amma çempion ola bilməyən Kartalın təyinatına camiədə elə əvvəlcədən münasibət birmənalı deyildi. O, ''Fənər''i 18 illik fasilədən sonra Çempionlar Liqasının əsas mərhələsinə daşımağı bacarsa da, eyni uğuru digər turnirlərdə göstərə bilmədi. ÇL-də ''Aston Villa'' önündə yaşanan 0:6-lıq fiasko, eləcə də superliqada ''Beşiktaş'' və ''Qalatasaray'' kimi prinsipial rəqiblərlə oyunlarda qeydə alınan məğlubiyyətlər Kartalın onsuz da güclü olmayan nüfuzuna ciddi zərbə endirdi.

''Fənər'' 65 yaşlı məşqçinin 4-cü dönəmində keçirdiyi 18 rəsmi oyundan 9 qələbə, 5 heç-heçə, 4 məğlubiyyətlə ayrılmış oldu.

Hələ ki, yerli namizədlər arasında Abdulla Avcı, Əmrə Belözoğlu, Volkan Dəmirəlin, əcnəbilər arasında isə Vinçentso Montellanın adı qeyd olunur.