“Şahdağ Qusar” hansı komandaları özünə rəqib görür? – vitse-prezident və baş məşqçi danışdı

10.11.2026 21:43 0
Ölkə futbolu / Manşet
Birinci liqada 27 turdan hələ yalnız yeddisi arxada qalıb. Lider “Şahdağ Qusar” ən yaxın izləyicisi “Gəncəbasar”ı cəmi 2 xal qabaqlayır. Çox güman, çempionluq uğrunda mübarizə sona qədər məhz bu komandalar, bir də MOİK, “Karvan-Yevlax” və “Səbail” arasında gedəcək.

Bəs “Şahdağ Qusar” özünə əsas rəqib kimi hansı komandanı görür? Qusarlılar qış fasiləsində heyəti yeni transferlərlə gücləndirməyi düşünürlərmi?

“Football-plus.az” bu sualları klubun vitse-prezidenti İsrafil Xeyirbəyova ünvanlayıb:

“1-ci liqada iştirak edən qalan 9 komandanın hamısına eyni ciddiyyətlə yanaşırıq və hər birini eyni səviyyədə rəqib sayırıq. Hər oyuna eyni məsuliyyətlə hazırlaşırıq. İstər baş məşqçimiz, istərsə də futbolçularımız olsun, bütün komandalarla bağlı yanaşmamız dəyişməzdi. Çünki hədəfimiz çempionluqdu. Buna görə də hər rəqiblə oyunumuzu çempionluq uğrunda mübarizənin bir hissəsi kimi qiymətləndiririk. Təbii ki, transferlərimiz olacaq. Lakin bu barədə danışmaq hələ tezdi. Hazırda tək məqsədimiz çempionluğa fokuslanmaqdı”.

Daha sonra baş məşqçi Füzuli Məmmədovun da fikrini öyrəndik:

“Fasiləyə lider kimi yollanmağımız sevindiricidi. Milli fasilədən maksimum yararlanmağa çalışırıq. Çatışmazlıqlarımız üzərində işləyir, bəzi oyun elementlərini daha da təkmilləşdiririk. Qarşıdakı görüşlərə ciddi hazırlaşırıq.

Liqada əsas rəqiblərimizə gəlincə, çempionat hələ yeni başlayıb və birinci pillə uğrunda mübarizə aparan bir neçə komanda var. “Karvan-Yevlax”, MOİK, “Səbail” və “Gəncəbasar” güclü heyətə malik, favorit hesab etdiyimiz komandalardı. Bununla yanaşı, digər rəqibləri də nəzərdən qaçırmaq olmaz. Birinci liqada hər oyuna ciddi hazırlaşmasan, xal itkisi ilə üzləşə bilərsən. Çünki bütün komandalar xeyli güclənib.

Qış fasiləsində yeni transferlərlə heyəti gücləndirməyə gəlincə, hazırda bütün diqqətimizi qarşıdakı oyunlara yönəltmişik. Maksimum çalışacağıq ki, bu görüşlərdə istədiyimiz nəticələri qazanaq. Qış fasiləsi başlayandan sonra transfer məsələsini müzakirə edə bilərik. Hələlik bu barədə düşünmürük. Bütün diqqətimiz qarşıdakı matçlardadı”.


İSRAYIL XEYRULLAYEV