''Fənərbaxça''da Konseysao alınmadı, diqqət bu məşqçiyə yönəldi

3.11.2026 21:27 36
Dünya futbolu
''Fənərbaxça''da qeyri-sabitlik tək nəticələrdə yox, həm də məşqçi seçimində yaşanır.

Türkiyə mənbələrinə istinadən ''Fənər''in Serjio Konseysao ilə anlaşdığını, portuqaliyalı mütəxəssisin son detalları razılaşdırmaq üçün İstanbula gələcəyini, eləcə də Çempionlar Liqasında ''Liverpul'' ilə oyunu izləyəcəyini xəbər vermişdik. Amma gün ərzində şərtlər dəyişdi. Tərəflər arasında əvvəlcə ilyarımlıq anlaşma əldə olunmuşdusa, Konseysao sonradan bunun 2,5 ilə çevrilməsini tələb etdi. Eləcə də maaşının ilkin anlaşmadakı məbləğlə müqayisədə 60 faiz artırılmasını istədi.

Hər halda bu, türkiyəli həmkarlarımızın versiyasıdı. Bu şərtlər isə rəhbərliyi qane etmədi. Əziz Yıldırım zatən bu vəzifəyə birillik müddət üçün gəldiyini gizlətmir. Yəni mövsümün sonunda camiədə növbəti prezident seçkiləri baş tutacaq və indi ''Fənər''ə yeni bir məşqçi ilə uzunmüddətli anlaşma sərf etmir. Bu üzdən Konseysao variantı gündəmdən düşdü və dərhal sonra rəhbərlik diqqətini Əmrə Belözoğluya yönəltdi.

Hazırda ''Kasımpaşa''nı çalışdıran bu mütəxəssislə qısa müddətdə anlaşmaq mümkün oldu. O, son olaraq ''Beşiktaş''la matçın ardından baş tutan mətbuat konfransında da hər zaman ''sarı-lacivərdlilər''in başına keçməyə hazır olduğunu, bu klubun onun üçün xüsusi önəmə malik olduğunu dilə gətirmişdi. Konseysao kimi bu məsələdə də son anda bir problem çıxmasa, təyinat ən qısa müddətdə rəsmiləşəcək.

Hətta deyilənə görə Əmrə o qədər istəklidi ki, çərşənbə günkü ''Liverpul'' ilə oyunda komandanın başında yer almaq istəyir.