''Fənərbaxça''nın yeni məşqçisi bəlli oldu - o, ''Liverpul'' ilə oyunu tribunadan izləyəcək

3.11.2026 12:24 45
Dünya futbolu
Dirk Kuytdan bir xeyir görməyən və bütün diqqətini yeni məşqçi axtarışına yönəldən ''Fənərbaxça'' ilə bağlı mühüm xəbər var.

Dünən gün ərzində İstanbul nəhənginin Serjio Konseysao ilə danışıqlar aparması haqda iddialar getdikcə möhkəmləndi. Axşam saatlarına yaxın isə ''A Spor'' kanalı və digər mənbələr tərəflərin ilyarımlıq anlaşma əldə etməsi barədə xəbər yaydı. Konseysaonun son detalları razılaşdırmaq üçün bu gün İstanbula gələcəyi, eləcə də Çempionlar Liqasında ''Liverpul'' ilə oyunu tribunadan izləyəcəyi gözlənilir.

Türkiyə mənbələrinin yazdığına inansaq, Konseysaonu ''Fənər''ə Jorje Jezuş məsləhət görüb. Rəhbərlik daha öncə ''Fənər''də çalışmış Jezuşun fikrini öyrənərkən portuqaliyalı mütəxəssis həmyerlisini məsləhət görərək ''onda öz cavanlığımı görürəm'' deyib.

Noyabrın 15-də 52 yaşı tamam olacaq Konseysao 2012-dən bu yana baş məşqçi kimi çalışır. O, karyerasının ən böyük uğurlarını 2017-24-cü illərdə çalışdırdığı ''Portu''da əldə edib. İndiyə qədər qazandığı 12 tituldan 11-ni məhz bu klubda qazanıb. Onun ''Portu''dan sonrakı karyerası hələ ki, uğurlu şəkildə irəliləmir. Konseysaonun həm ''Milan'', həm də son olaraq ''Əl-İttihad'' dönəmi 1 ildən az davam etdi. İtaliya nəhəngi ilə ölkə superkubokunu qazansa da, həm nəticələrin ürəkaçan olmaması, həm də bəzi futbolçularla yola gedə bilməməsi üzündən onunla yollar ayrılmışdı.

Konseysao ''Fənər'' tarixində Vitor Pereyra, Jorje Jezuş və Joze Mourinyodan sonra 4-cü portuqaliyalı məşqçi olacaq. Bu ölkədən olan əvvəlki məşqçilərin heç biri ''sarı-lacivərdlilər''i çempion edə bilməyib.