İtaliyadan gələn şübhəli zədə xəbəri - Mezzotero hardadı?

10.11.2026 23:15 9
Ölkə futbolu / Manşet
Hələ baş məşqçi Ayxan Abbasov millimizin heyətini açıqlamamış Lorenso Mezzoteronun da dəvət alan futbolçular siyahısında olacağı proqnozlaşdırılırdı. Ona görə ki, U-21 yığmamıza cəlb edilən hücumçu İtaliya B seriyasında şərəfini qoruduğu "Sampdoriya"nın heyətində peşəkar karyerasında ilk qolunu vurmaqla diqqətləri üzərinə çəkmişdi.

Ancaq çox keçmədən vəziyyət dəyişdi. Daha doğrusu, AFFA-nın saytında Mezzoteronun zədələndiyini, əvəzinə Ağadadaş Salyanskinin çağrıldığını öyrəndik. Əlbəttə, "Araz-Naxçıvan"ın futbolçusu premyer-liqada vurduğu qollarla bu dəvəti haqq edirdi. Lakin burda əsas məsələ Lorensonun sağlamlıq durumu ilə bağlıdı. Çünki İtaliyanın “Tuttomercatoweb” nəşri 18 yaşlı oyunçunun ciddi zədə almadığını yazıb. Hətta onun bugünlərdə məşqlərə başlayacağı iddia olunur. Sadəcə, guya Genuya təmsilçisi Mezzoteronun vəziyyətinin daha da pisləşməməsi üçün bu addımı atıb.

İndi iki önəmli məqam var: ya Lorenso Azərbaycan millisini seçmək, daha doğrusu, İtaliya variantını ömürlük itirməmək üçün gözləməli olduğunu düşündü, ya da gerçəkdən zədəlidi və növbəti toplanışda artıq millimizin heyətində olacaq. Və bu arada diqqəti çəkən başqa xəbərlər də var. Biz A seriyası klublarının ona maraq göstərməsi haqda iddiaları, həmçinin ölkənin ən məşhur idman nəşri "Gazzetta dello Sport"un Mezzoteroya "palaz boyda" yazı həsr etməsini nəzərdə tuturuq. Sirr deyil ki, İtaliya və onun futbolu mafiyanın yuvasıdı. Bunu da elə-belə xatırlatmadıq.

Bu gün o bəllidi ki, hadisələrin axarı Lorensonun millimizdə ilk dəfə çıxış etmək imkanının təxirə salınması ilə nəticələndi. Hər şeyi - başverənlərin qurama olub-olmadığını bizə zaman göstərəcək.

KƏNAN BAHADIR