Yayın hüququnun “CBC Sport”dan alınacağı xəbəri yayıldı – “Xahiş edirəm, bu qədər insanın zəhmətinə və haqqına girməyək”

10.11.2026 20:09 0
Ölkə futbolu / Manşet
Son günlər sosial şəbəkələrdə maraqlı xəbər yayılıb. Belə ki, dünyaca məşhur “beIN Sports” yayın şirkətinin Azərbaycandakı rəsmi kanalı olduğunu iddia edən səhifə peyda olub. Həmin səhifədə növbəti mövsümdən premyer-liqanın yayın hüquqlarının “CBC Sport”dan alınaraq “beIN Sports”a veriləcəyi iddia olunib.

Görünür, bu xəbər “CBC Sport”un baş redaktoru Şəmsəddin Abbasovu qıcıqlandırıb. Onun “feysbuk” hesabındakı paylaşımı fərqli düşünməyə əlyeri qoymur:

“Premyer-liqanın “beIN Sports”da yayınlanacağı ilə bağlı saxta xəbərə sevinənləri görəndə, düzü, çox məyus oldum…

Gəlin bəzi reallıqlara məntiqlə və emosiyasız nəzər salaq.

Bu gün qonşu Türkiyədə Superliqanın oyunlarına ödəniş etmədən, abunə olmadan baxmaq qeyri-mümkündü. Bizdə isə vəziyyət tam fərqlidi. Yarandığı gündən bu yana düz 11 ildi ki, “CBC Sport” heç bir ödəniş tələb etmədən, tam sərbəst və pulsuz şəkildə ölkə çempionatının bütün oyunlarını çəkib, sizə təqdim edir”.

Son 11 ildə görülən işləri sadalayan Abbasov paylaşıma belə yekun vuub: “Əlbəttə, qüsurlarımızı hamıdan yaxşı bilirik və onların üzərində daim çalışırıq. Tənqidə həmişə açığıq, yetər ki, konstruktiv olsun. Lakin bu cür əsassız xəbərlər yayılanda göstərilən inamsızlıq və laqeyd münasibət insanı həqiqətən incidir. “CBC Sport” idman azarkeşinin dostu, onun doğma Azərbaycan telekanalıdı. Xahiş edirəm, bu qədər insanın zəhmətinə və haqqına girməyək. Nəyisə itirmədən onun dəyərini sağlığında bilək. Çünki sabah “CBC Sport” olmayanda bu kanala qayğı və dəstək göstərmək üçün artıq çox gec ola bilər”.

Biz də öz növbəmizdə məsələni araşdırdıq. Açığı, “beIN Sports”un Azərbaycanda olan hansısa kanalının izinə düşə bilmədik.

İSRAYIL XEYRULLAYEV