Çempionlar Liqasında “Barselona” və “Lill” ilə oyunlarda qol vuran rusiyalı yarımmüdafiəçi son olaraq “Ştutqart”la qarşılaşmada ağızları açıq buraxan performans sərgilədi. Batrakov ilk 15 dəqiqədə dubl etməklə bir sıra ilklərə imza atdı. O, İstanbul nəhənginin heyətində dubl edən ən gənc futbolçu oldu. Eləcə də buna qədər “sarı-qırmızılar”ın heyətində ÇL-də ilk 15 dəqiqəyə iki qol sığdıran futbolçu olmamışdı.
Bundan başqa, o, Burak Yılmaz və Viktor Osimhenin ardından “Qalatasaray”ın heyətində ÇL-də ardıcıl 3 oyunda qol sevinci yaşayan cəmi 3-cü futbolçu oldu. ÇL-də 4-cü oyunda 4 qol həddinə çatan Batrakov indidən Uesli Sneyder və George Haci kimi isimləri yaxalamağı bacarıb. Maraq üçün bildirək ki, ÇL-də 4 qol həddinə Lionel Messi 14-cü oyunda, Kriştiano Ronaldo isə 36-cı oyunda çatmışdı. “Rams Park”ın tribunalarında bir ara Mauro İkardinin şərəfinə “Aşkın olayım” mahnısı tez-tez səslənirdisə, artıq onu “Kalinka” əvəzləyib. Batrakov hər qol vurandan sonra tribunada məhz rusların bu xalq mahnısı səslənir.
Bu futbolçunun sayəsində “Qalatasaray”ı Rusiyada izləyənlərin sayı qat-qat artıb. Elə Batrakovun özünün də izləyici sayı sürətlə artır. Avqustun ortalarında onu “instaqram”da yalnız 15 min insan izləyirdisə, hazırda bu rəqəm 70 dəfədən çox artaraq 1,1 milyona çatıb.
İndi “Qalatasaray” rəhbərliyini başqa bir məqam narahat etməyə başlayıb. Batrakovun müqaviləsində 55 milyon avroluq satış məbləği var. İstedadlı rusiyalıya indidən PSJ, “Çelsi”, “Liverpul”, “Arsenal” kimi Avropa nəhənglərinin maraq göstərdiyi deyilir. Bu klublar üçün bu məbləği ödəmək o qədər də problem yaratmayacaq. Üstəlik əldə olunacaq məbləğin 15 faizi də Batrakovun əvvəlki klubu “Lokomotiv”ə çatacaq. Ona görə də “Cim-Bom” satış məbləğini müqavilədən ya birdəfəlik götürmək, ya da onu artırmaq istəyir. Bunun üçün tezliklə Batrakovun meneceri ilə əlaqə saxlanılacaq.
Konkret desək, rəhbərlik təzminatı 100 milyon avro səviyyəsinə qaldırmaq istəyir. Bunun yolu, təbii ki, Batrakova yeni şərtlər təklif etməkdən keçir. İddialara inansaq, gənc ulduza maaşının 3,25 milyon avrodan 6 milyon avroya yüksəldilməsi təklif olunacaq. Bunun qarşılığında “Qalatasaray” satış məbləğinin 100 milyon avroya çatdırılmasını istəyəcək. Müqavilənin müddəti isə əvvəlki kimi beşillik, yəni 2031-ə qədər olacaq.
Bu arada Batrakovun meneceri Vladimir Kuzmiçev Rusiya mətbuatına yeni açıqlamalar verib. O, futbolçunun gələcəyi haqda danışaraq bunları deyib:
“Gəlin tələsməyək və bir qədər də gözləyək. Hamımız gözəl bilirik ki, böyük klublar uzunmüddətli planlar qururlar. Batrakov “Qalatasaray”da cəmi 10-15 oyun keçirib. Bu, onun oyununun geniş təhlili üçün az müddətdi. Amma təbii ki, Aleksey bu cür davam edəcəyi təqdirdə onun transfer məsələsi daha da həssaslaşacaq. Əsas odu ki, bütün mövsümü yüksək səviyyədə keçirsin. Bunun üzərinə Rusiyada keçirdiyi iki mövsümü də əlavə edəndən sonra onun dəyəri artmağa başlayacaq. Qışda Avropaya yollanması mümkündümü? İndidən heç nəyi istisna etmək olmaz. Amma məsələ burasındadı ki, bu şəkildə davam edəcəyi halda “Qalatasaray” da onu qışda buraxmamaq üçün əlindən gələni edəcək”.





