''Qalatasaray''ın qol sevinci dünyada gündəm oldu - neçə sarı vərəqə göstərilməli idi?

8.11.2026 13:28 0
Dünya futbolu
''Qalatasaray'' Türkiyə çempionatının 11-ci turunda ''Amed SF''ni 4:3 məğlub edərək liderliyini davam etdirdi.

İstanbul nəhəngində Rafael Leao, Aleksey Batrakov və Barış Alpər Yılmaz fərqləndisə, daha bir top qonaqların qapıçısı Alban Lafontun avtoqolu sayəsində vuruldu. Leao 7-ci dəqiqədə fərqlənərək ''sarı-qırmızılar''ın bu mövsüm superliqada ən erkən qolunu vurdu. Məhz bu qoldan sonra ''Qalatasaray''lıların sevinci nəinki Türkiyədə, hətta dünyada da gündəm oldu.

Futbolçular formalarını başlarına keçirərək əyildilər və üzlərini gizlətməyə çalışdılar. Bu hərəkəti həftəiçi bir gecə klubundan çıxarkən jurnalistlərə yaxalanan və onlardan gizlənməyə çalışan İsmail Yakobs etmişdi. Maraqlıdı ki, ''Qalatasaray''ın bu qol sevincində seneqallı futbolçunun özü də iştirak etdi və ortaya həqiqətən də qeyri-adi görüntülər çıxdı. Bu qol sevinci Fransa və Kolumbiyanın idman saytlarında, eləcə də ESPN-də işıqlandırıldı.

Bu arada bu qol sevinci həm də fərqli bir söz-söhbətə səbəb oldu. Qaydalara görə qoldan sonra forması ilə üzünü örtən futbolçuya sarı vərəqə göstərilməlidi. Burda isə ''Qalatasaray''ın birdən-birə 7 futbolçusu bu hərəkəti etdi. ''Bein Trio'' verilişində bu olayı dəyərləndirən sabiq hakim Bülənt Yıldırım bunları dedi:

''Qaydalarla hərəkət etsək, hakim burda 7 sarı vərəqə göstərməlidi. Ən azından hakim nəsə etməli idi. Olaya ümumiyyətlə səssiz qalmaq düzgün deyildi. Düzdü, bir andaca 7 sarı vərəqə göstərilməsi dünyanın heç yerində yoxdu. Amma hakim burda hədsiz şişirdilmiş qol sevincinə görə heç olmasa, 1 sarı vərəqə mütləq göstərməli idi. Epizodun sarı vərəqəsiz ötüşdürülməsi yanlışdı''.